DÜNYA
Hirosima qurbanlarının xatirəsinə həsr olunmuş mərasimlərdə Azərbaycan xalqının da dünyaya sülh arzusu çatdırılmışdır VİDEO
Hirosima, 6 avqust (AZƏRTAC). Avqustun 6-da Hirosima şəhərinin mərkəzindəki Sülh parkında bu şəhərə atom bombası atılmasının 68-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir. Mərasimdə 50 mindən çox insan - şəhər sakinləri, Yaponiyada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, o cümlədən Azərbaycanın Yaponiyadakı səfiri və çoxsaylı əcnəbi qonaqlar iştirak etmişlər. Faciə qurbanlarının xatirə günü ilə bağlı Yaponiyanın dövlət bayrağı endirilmişdir.
Bütün şəhər boyunca hər yerdə sülhün qorunmasına çağırışlar səslənmiş, dualar oxunmuşdur. Mərasimlə eyni vaxtda Hirosumada rasizm əleyhdarlarının mitinqi keçirilmişdir.
Mərasimin təşkil edildiyi Sülh parkında şəhərə atom bombası atılması nəticəsində həlak olmuş 286 mindən çox insanın siyahısı kenotafda qoyulmuşdur. Siyahıya ötən il vəfat edən və ölümü atom bombası ilə əlaqələndirilən 6 min nəfərin də adı əlavə olunmuşdur.
Mərasim səhər saat 8.15-də Hirosimaya atom bombasının atıldığı vaxtı simvolizə edən zənglərin səslənməsi ilə başlamış, dualar oxunmuşdur. Meydandakı Xatirə abidəsinin önünə çələnglər düzülmüşdür.
Tədbirdə çıxış edən Hirosima şəhərinin meri Kacumi Maçui atom bombasını insanlıq əleyhinə ən böyük təhlükə və mütləq şər qüvvə adlandırmışdır. Mer Yaponiya hökumətini nüvə silahının ləğvi naminə digər dövlətlərinin rəhbərləri ilə sıx əməkdaşlığa çağırmışdır.
Mərasimdə çıxış edən Baş nazir Şinzo Abe bildirmişdir ki, dünyada atom bombasının əzablarını yaşamış yeganə xalq olan yaponlar nüvəsiz dünyanın nə demək olduğunu yaxşı anlayırlar. Nüvə silahının qeyri-insani nəticələrə gətirib çıxardığını vurğulayan Ş.Abe həmin insanları atom silahının gətirdiyi fəlakət haqqında təsəvvürləri gələcək nəsillərə ötürməyə çağırmışdır.
Baş nazir qeyd etmişdir ki, Yaponiya nüvə silahının ləğvi ilə bağlı təbliğat işində fəal olacaq və onun yayılmasının qarşısının alınmasında səylərini əsirgəməyəcəkdir.
Hirosimadakı Atom evinin ətrafında ölkə QHT-ləri tərəfindən də çoxsaylı tədbirlər təşkil edilmişdir. “Qoi Sülh Fondu” tərəfindən təşkil olunmuş “Bayraq mərasimi”ndə Azərbaycanın dövlət bayrağı da dalğalandırılmış, xalqımızın bütün dünyaya sülh arzusu çatdırılmışdır. Həmin çağırış təşkilatın internet saytı vasitəsilə canlı yayımlanmışdır.
“Qoi Sülh Fondunun” prezidenti, Tokio Universitetinin professoru Hideo Nakazava AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində bildirmişdir ki, onun rəhbərlik etdiyi təşkilat bütün dünyada sülhün bərqərar olması üçün çalışır. Hər il təşkilatın xətti ilə çoxsaylı tədbirlər keçirilir. Bu gün dünya dövlətlərinin bayraqlarının həmin ölkələrin anım mərasiminə qatılmış vətəndaşları tərəfindən qaldırılmasının və bütün dünyaya, ilk növbədə öz ölkələrinə sülh arzulamasının böyük mənası vardır. Bu, sülhün qorunması naminə dünya xalqlarının birliyinin nümayişidir.
Tədbirdə Azərbaycan nümayəndə heyətinin iştirakına görə təşəkkürünü bildirən Hideo Nakazava xalqınıza sülh və əmin-amanlıq arzulamışdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Hirosima