CƏMİYYƏT
Hirsutizm xəstəliyi ilə əlaqədar seminar keçirilib
Bakı, 16 iyun, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının endokrinologiya şöbəsində hirsutizm mövzusunda seminar keçirilib. AZƏRTAC-a bu barədə Tibb Universitetinin mətbuat xidmətindən məlumat veriblər.
Seminarda çıxış edən Səhiyyə Nazirliyinin baş endokrinoloqu, professor Rafiq Məmmədhəsənov hirsutizmin problemi və ölkəmizdə onun geniş yayılmasından danışıb.
Daha sonra endokrinoloq Səbinə Məşədiyeva çıxış edərək problemin yayılma dairəsi və xəstəlikdən asılı olaraq dərman müalicəsinin tətbiqi barədə məlumat verib: “Xəstəlik uşaq və yeniyetmələrdə, subay qızlarda bir, ailə həyatı qurandan sonra isə başqa bir sxemlə inkişaf edir. Hirsutizmə daha çox avropoid irqdə, dənizsahili və Orta Şərq ölkələrində rast gəlinir və onun yayılmasında genetik faktorlar və hava şəraitinin də böyük təsiri var”.
Seminarın davamında hirsutizmin müalicəsində müasir müayinə üsulları və təsirli dərman vasitələri barədə də müzakirə aparılıb.