İQTİSADİYYAT
“Hitachi” şirkəti “Azərikimya” İB-də yeni qurğuların tikintisində iştirakda maraqlıdır
Bakı, 27 oktyabr, AZƏRTAC
Yaponiyanın “Hitachi” şirkəti “Azərikimya” İstehsalat Birliyində (İB) modernləşdirilmə işlərində və yeni qurğuların tikintisində iştirakda maraqlıdır.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə oktyabrın 27-də “Azərikimya” İB-də ikigünlük seminar-treninq çərçivəsində Yaponiyanın “Hitachi” şirkətinin nümayəndə heyəti ilə keçirilən görüşdə danışılıb.
“Azərikimya”nın Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev İstehsalat Birliyində görülən işlər və perspektiv layihələr haqqında məlumat verib. Sumqayıtın Azərbaycanın ikinci böyük sənaye mərkəzi olduğunu qeyd edən M.Babayev Kimya Sənaye Parkı və parkın ərazisində tikilən zavodlar haqqında söhbət açıb, kimya sənayesinin gələcək perspektivləri barədə nümayəndə heyətini məlumatlandırıb.
Nümayəndə heyətinin üzvləri “Azərikimya” İB-də modernləşdirilmə işlərində və yeni qurğuların tikintisində “Hitachi” şirkətinin də yer almasında və qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını bildiriblər.
Görüşdən sonra SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim Tədris Mərkəzində yapon şirkətinin mütəxəssisləri tərəfindən “Hitachi kompressor texnologiyaları” mövzusunda ikigünlük treninqə start verilib. Treninqdə “Azərikimya” İB-nin Etilen-polietilen zavodunun müxtəlif istehsalat sahələrində çalışan 10 nəfər mütəxəssisi, eləcə də SOCAR-ın müvafiq strukturlarının əməkdaşları iştirak edirlər.
Treninq başa çatdıqdan sonra iştirakçıların bilikləri yoxlanılacaq və mənimsəmə dərəcələrinə uyğun olaraq sertifikatlar təqdim olunacaq.