DÜNYA


Hitlerin doğulduğu evlə bağlı hüquqi mübahisə yekunlaşmaq bilmir

Vyana, 30 iyun, AZƏRTAC

Nasizm ideyasının banisi, Alman Nasional Sosialist Fəhlə Partiyasının sədri, 1933-1945-ci illərdə III Reyxin reyxskansleri və prezidenti Adolf Hitlerin doğulduğu evin gələcək taleyi ilə bağlı qalmaqal bitmək bilmir.

Avstriya dövləti Hitlerin doğulduğu binanın hazırkı sahibəsi ilə binanın istifadə təyinatı ilə bağlı uzun müddətdən bəri ortaq məxrəc əldə edə bilmədiyi üçün yeganə çıxış yolunu Braunau am İnn şəhərində yerləşən binanın müsadirəsində görüb. Ötən ilin iyul ayında hökumət tərəfindən verilən qərara və dekabr ayında parlamentdə qəbul edilən xüsusi qanuna etiraz edən bina sahibəsi Konstitusiya Məhkəməsinə müraciət edərək mülkiyyət üzərində hüquqlarının bərpa olunmasını tələb edib.

Konstitusiya Məhkəməsinin bu gün çıxardığı qərara görə, ictimai maraqlara xidmət edən və əvəzində kompensasiya ödənilən bu müsadirə qərarı ölkənin ali qanunları ilə ziddiyyət təşkil etmir.

Adolf Hitlerin doğulduğu binanın gələcəkdə neonasistlər və sağçı ekstremistlər üçün pərəstiş obyektinə çevrilməsinin qarşısını almaq üçün əvvəlcə binanın sökülməsi təklif olunsa da, hazırda həmin binadan tarixi muzey kimi və ya oxşar təyinatlar əsasında istifadə olunacağı gözlənilir. Yaxın gələcəkdə həmin bina və ətrafındakı ərazilərin müasir tarix muzeyinin yaradılması, nasizm dövrü və A.Hitler şəxsiyyətinin gerçək üzünü açan pedaqoji-maarifləndirici layihələrin həyata keçirilməsi məqsədilə təklif və layihələrin qəbulu gözlənilir.

Bina sahibəsinin vəkili Qerhard Lebiç mətbuata verdiyi açıqlamada mandatı ilə Avropa İnsan Haqları Məhkəməsinə müraciətlə bağlı məsləhətləşmə aparacağını bildirib. O, bina sahibəsinin uşaqlıq və gəncliyini keçirdiyi məkana çox bağlı olduğunu və bu səbəbdən də həmin bina üzərində mülkiyyət hüququnu qorumaq istədiyini deyib.

Qeyd edək ki, Adolf Hitler 1889-cu il aprelin 20-də Braunau im İnn şəhəri, Salzburqer Vorstadt 15 ünvanında yerləşən XVII əsrə aid Bidermayer üslubunda tikilmiş binada dünyaya gəlib. 1892-ci ildə Almaniyanın Passau şəhərinə köçənədək onun ailəsi bu evdə yaşayıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.