İQTİSADİYYAT
Hökməli-Qobu-Güzdək avtomobil yolu təmir olunur
Bakı, 25 may, AZƏRTAC
“Azəravtoyol” ASC tərəfindən Hökməli-Qobu-Güzdək avtomobil yolunun təmiri işlərinə başlanılıb.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sözügedən avtomobil yolunun uzunluğu 11 kilometr, eni isə 9,5 metrdir. Yolun 2 kilometri Hökməli, 3 kilometri Qobu və 6 kilometri Güzdək qəsəbələrinin ərazisinə düşür.
Qeyd olunub ki, Hökməli istiqamətindən başlanılan təmir-tikinti işləri zamanı yolun 1,5 kilometrlik hissəsi əsaslı şəkildə təmir edilir, 9,5 kilometrlik hissəsində isə orta təmir işləri aparılır.
Təmir zamanı yolun qabarmış və dağılmış asfalt-beton örtüyü qaşınaraq, ərazidən daşınır. Bunun əvəzinə yolun hərəkət hissəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq.
Əsaslı təmir işlərinin aparıldığı 1,5 kilometrlik əraziyə ikiqat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçiriləcək.
Əsaslı təmir işlərinin aparıldığı ərazidə müvəqqəti olaraq avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
Bütün işlər tərtib olunmuş cədvələ uyğun həyata keçirilir. Təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.