İQTİSADİYYAT
Hökumət Ödəniş Portalında stasionar telefon xidmətləri üzrə ödəyicilərin sayı 110 min 267-yə çatıb
Bakı, 22 aprel, AZƏRTAC
Hökumət Ödəniş Portalında stasionar telefon xidmətləri üzrə bölmələrin sayı 70, ödəyicilərin sayı isə 110 min 267-dir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi (İB), “Aztelekom” İB və Məlumat Hesablama Mərkəzi 2014-cü ildə Hökumət Ödəniş Portalına inteqrasiya olunub. İstifadəçilər stasionar telefon xidmətləri üzrə ödənişlərini “Azərpoçt” MMC-nin və 42 bankın ödəniş məntəqələrində nağd formada və portalın internet resurslarından (www.gpp.az) istifadə etməklə kartlar vasitəsilə nağdsız qaydada həyata keçirə bilirlər.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, portalın məqsədlərinə “Elektron hökumət” quruculuğunun inkişaf etdirilməsi istiqamətində dövlət orqanları tərəfindən göstərilən xidmətlər üzrə rüsumlara görə ödənişlərin real vaxt rejimində elektron formada qəbulunun təmin edilməsi, büdcə ödənişlərinin aparılması prosesinin sadələşdirilməsi, ölkə iqtisadiyyatında nağdsız ödənişlərin həcminin artırılması, kommunal və digər kütləvi xidmət müəssisələri üzrə ödənişlərin ən müasir üsullardan istifadə edilməklə toplanması üçün infrastruktur imkanların yaradılması, bank və digər maliyyə qurumları arasında sağlam rəqabət mühitinin yaradılması daxildir.
Hökumət Ödəniş Portalının iştirakçıları portal ilə əməliyyatların aparılmasına dair kollektiv sazişə qoşulmuş dövlət orqanları, kommunal müəssisələr, rabitə müəssisələri, banklar, “Azərpoçt” MMC və kart prossesinq mərkəzləridir.