İQTİSADİYYAT
Holcim-Azərbaycan ASC ölkənin sementə olan tələbatının 35 faizini ödəyir
Bakı, 24 yanvar (AZƏRTAC ). Holcim-Azərbaycan ASC yüksək keyfiyyətli məhsulları ilə ölkədə ən iri sement istehsalçısıdır. Bu, şirkətə sement bazarındakı aparıcı mövqeyini saxlamağa imkan verir.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hələ 2008-ci ildə Holcim-Azərbaycan mövcud infrastrukturu təkmilləşdirmək və zavodda müasir sobasını inşa etmək qərarına gəlmişdi. Həmin il keçirilmiş texniki-iqtisadi qiymətləndirmədən sonra işlərin başlanılmasına razılıq verilmiş və 300 milyon avro investisiya hesabına yeni soba tikilmişdir.
Yeni texnologiya nəticəsində qurğuların 80 faizi təkmilləşdirilmişdir. İstehsalat gücünü 30 faiz artıraraq illik 1,7 milyon tona çatdıran zavod texniki təminat baxımdan Avropanın ən müasir müəssisələrindən birinə çevrilmişdir.
Zavod hazırda ölkə bazarının sementə olan tələbatının 35 faizini ödəyir.