İQTİSADİYYAT
“Holcim” yığma beton istehsalçıları üçün yeni məhsul təqdim etmişdir
Bakı, 21 noyabr (AZƏRTAC). Azərbaycanın ən böyük sement istehsalçısı olan “Holcim” ASC 2012-ci ilin noyabrın 12-dən etibarən yığma beton məhsullar və yığma dəmir-beton elementlər istehsalçıları üçün yeni sement məhsulunun – “Qaradağ SPRİNT”in kütləvi istehsalına başlamışdır.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Qaradağ SPRİNT” yüksək ilkin möhkəmlik təmin edən, 42,5 möhkəmlik sinfinə aid olan mineral əlavəli sementdir. “Holcim” ASC “SPRİNT” sementini adi dəmir-beton yığma elementlər, gərginləşdirilmiş dəmir-beton yığma elementlər və yığma beton məmulatlar istehsalı üçün tövsiyə edir. Bu sement yüksək ilkin möhkəmlik təmin etməklə, yığma beton məhsullar istehsalında prosesin sürətlənməsinə və məhsuldarlığın artmasına, nəticədə xərclərin nisbətən aşağı düşməsinə şərait yaradır.
Hazırda bu sement qalaq olaraq istehsal olunur, yaxın gələcəkdə isə kisə şəklində satılması nəzərdə tutulmuşdur.
“Holcim” ASC-nin digər məhsulları kimi, “Qaradağ SPRİNT” də Azərbaycan Dövlət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən sertifikatlaşdırılmış sementdir.
“Holcim” ASC daim uzunmüddətli və təhlükəsiz inşaatın tətbiqi üçün çalışır. Bu məqsədlə şirkət bazarın xüsusiyyətlərinə və müştərilərin tələblərinə uyğun olaraq məhsul istehsal edir və müştərilərin maarifləndirilməsi ilə bağlı müxtəlif tədbirlər həyata keçirir.