CƏMİYYƏT
Hollandiya şirkəti “Ekol Mühəndislik Xidmətləri” QSC ilə əməkdaşlıq imkanlarını araşdırır
Bakı, 27 noyabr, AZƏRTAC
Hollandiyanın “Nıjhuıs” şirkətinin nümayəndələri “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) tullantıların emalı departamentinin xidmət sahələri ilə yerində tanış olub, konkret təkliflər hazırlayacaqlar.
“Ekol Mühəndislik Xidmətləri”ndən AZƏRTAC-a bildiriblər ki, bu barədə QSC-də Hollandiyanın “Nıjhuıs” su texnologiyaları şirkətinin Rusiya filialının rəhbəri Dmitriy Molokanov və şirkətin Ukraynadakı regional nümayəndəsi Vladislav Porjezinski ilə keçirilən görüşdə məlumat verilib.
Suların təmizlənməsi texnologiyaları barədə təqdimatla çıxış edən “Nıjhuıs”un nümayəndəsi Dmitriy Molokanov bildirib ki, təmsil etdiyi şirkət çirkab, xüsusilə sənaye-çirkab axıntı sularının təmizlənməsi sahəsində 100 ildən artıqdır fəaliyyət göstərir. Şirkət dünyanın bir çox ölkələrində, həmçinin MDB dövlətlərində və Azərbaycanda analoji layihələri uğurla həyata keçirib.
Görüşdə bir sıra texniki məsələlərə aydınlıq gətirilib və bu texnologiyaların “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrinə tətbiq edilməsinin mümkün variantları barədə fikir mübadiləsi aparılıb. Şirkətin nümayəndələrinin QSC-nin tullantıların emalı departamentinin xidmət sahələrində mövcud şəraiti yerində qiymətləndirdikdən sonra konkret təkliflər hazırlayaraq təqdim etmələri qərara alınıb.