DÜNYA
Hollivud ulduzu Harrison Ford xəstəxanadan buraxılıb
Bakı, 30 mart, AZƏRTAC
Aviasiya qəzası nəticəsində çoxsaylı xəsarətlər alan Hollivudun məşhur aktyoru Harrison Ford üç həftəlik müalicədən sonra xəstəxananı tərk edib.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, o, Los-Anceles şəhərinin küçələrindən birində avtomobili idarə edərkən görünüb.
Qeyd edək ki, 72 yaşlı aktyor martın 5-də Ryan PT-22 Recruit tipli təyyarədə sərt eniş etmişdi. Santa-Monika aeroportundan havaya qalxan təyyarənın mühərriki qəflətən dayanmış və mahir pilot olan Ford yaşayış məhəlləsinə düşməmək üçün onu qolf meydançasına yönəltmişdi. Sərt eniş nəticəsində aktyorun topuğu və omba sümükləri sınmış və o, çoxsaylı yaralar almışdı. Xoşbəxtlikdən hadisə zamanı meydançada həkimlər qolf oynayırmış və onlar aktyora ilk tibbi yardım göstəriblər. Bundan sonra Ford xəstəxanaya çatdırılıb və orada 4 saatlıq əməliyyat keçirib.
KİV-lərin məlumatına görə, aktyor qəzanın fiziki nəticələrini hələ hiss etsə də, həkimlər onun normal həyata və uçuşlara dönə biləcəyini deyirlər.