ELM VƏ TƏHSİL
Honco Beynəlxalq Təqaüd Fondunun yubiley konfransında Azərbaycan həqiqətlərindən danışılıb
Tokio, 21 avqust, AZƏRTAC
Avqustun 19-20-də Tokioda təşkil olunan Honco Beynəlxalq Təqaüd Fondunun (HİSF) 20 illik yubileyinə həsr edilmiş konfransda ADA Universitetinin xarici əlaqələr şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəhman Şahhüseynli Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib.
Açılış mərasimindən sonra müxtəlif panel sessiyalarda işini davam etdirən konfransda R.Şahhüseynli araşdırdığı mövzu barədə iştirakçıları məlumatlandırıb. “Sülh təhsil üçün və ya təhsil üçün sülh” mövzusunun nümayəndəsi olduğu Cənubi Qafqaz regionu üçün xüsusi aktuallığını vurğulayan tədqiqatçı konkret olaraq regionda yaranmış münaqişələrə diqqəti cəlb edib. Qeyd edib ki, regionda uzun müddətdir davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ və Gürcüstandakı Abxaziya və Cənubi Osetiya problemləri bütün dünyanın diqqət mərkəzindədir.
Dağlıq Qarabağ münaqişəsi barədə konfrans iştirakçılarını məlumatlandıran tədqiqatçımız Ermənistan dövlətinin işğalçılıq siyasəti və münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe barədə danışıb. Bunun əksinə olaraq, Azərbaycan dövlətinin aparılan danışıqlarda münaqişənin həlli məqsədilə nümayiş etdirdiyi konstruktiv, sülhsevər və ədalətli mövqe konkret faktlarla diqqətə çatdırılıb. Vurğulanıb ki, istər bu, istərsə də dünyanın digər nöqtələrində mövcud olan münaqişələrin həllində sülh üçün təhsil konsepsiyası, onun həyata keçirilməsi önəmli rol oynaya bilər. Ronald Reyqanın “Sülh münaqişənin yoxluğu demək deyil, onun sülh yolu ilə həlli yollarının axtarışıdır” sözlərini sitat gətirən tədqiqatçı sülh üçün təhsil və təhsil sülh üçün konsepsiyasının məhz bu prinsipə xidmət etdiyini vurğulayıb.
R.Şahhüseynli iştirakçılar tərəfindən maraqla qarşılanan təqdimatla bağlı sualları da ətraflı cavablandırıb.
Fondun fəaliyyəti barədə AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə məlumat verən qurumun məsləhətçisi Ryusuke Honco bildirib ki, 1997-ci ildə atası, yapon biznesmen Masanori Honco tərəfindən təsis edilmiş HİSF dünyanın müxtəlif ölkələrindən gələrək Yaponiyada doktorant təhsili alan əcnəbi tələbələrə təqaüd yardımı göstərir. Bu günədək Fond tərəfindən 77 ölkədən gəlmiş 600-dən çox doktorant-tələbənin təhsili maliyyələşdirilib. Doktor Rəhman Şahhüseynli Osaka Universitetinin doktorant tələbəsi olaraq yeganə azərbaycanlı kimi Fondun təqaüdünü alıb. Onun elmi araşdırma mövzusu isə öz aktuallığı ilə diqqəti cəlb edir. Belə ki, onun Cənubi Qafqaz regionunda baş verən münaqişələr və onların həlli üçün sülh təhsili mövzusu bu gün yalnız region üçün deyil, eyni zamanda, bütün dünya üçün çox aktualdır və ətrafımızda baş verən hadisələr bunu bir daha təsdiq edir.
Təhsil aldığı dövrdə R.Şahüseynlinin özünü çox fəal və bacarıqlı tədqiqatçı kimi göstərdiyini vurğulayan R.Honco Fondun qapılarının azərbaycanlı tədqiqatçılar üçün həmişə açıq olduğunu deyib. Bildirib ki, HİSF Yaponiyada elmi-tədqiqat aparmaq istəyən azərbaycanlıların yolunu böyük məmnuniyyətlə gözləyir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio