İQTİSADİYYAT


“Honeywell Process Solutions” şirkəti TANAP-ı kompleks nəzarət və təhlükəsizlik sistemi ilə təmin edəcək

A+ A

Bakı, 1 dekabr, Nihad Budaqov, AZƏRTAC

“Honeywell Process Solutions” (HPS) şirkəti Trans-Anadolu qaz boru kəmərini (TANAP) kompleks nəzarət və təhlükəsizlik sistemi ilə təmin edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilir.

“Honeywell”in Türkiyədəki mühüm enerji layihələri üzrə əməkdaşlığının böyük tarixi var. TANAP layihəsi təkcə Türkiyəyə deyil, Avropaya da təbii qazın nəqlini təmin etməyə kömək edəcək”, - deyə “Honeywell” şirkətinin Türkiyə və Mərkəzi Asiya üzrə prezidenti Orhan Genis bildirib.

Bu il oktyabrın ortalarına olan məlumata görə, TANAP-ın inşası çərçivəsində 4 lot üzrə 1326 kilometr uzunluğunda xəndək qazılıb və 1110 kilometr boru marşrut xətti boyunca düzülüb. 990 kilometr uzunluğunda boruların isə qaynağı tamamlanıb. Boru kəmərinin tikintisi işləri çərçivəsində sahələrdə təxminən 8 min 560 işçi çalışır. Ümumilikdə layihə üzrə işlərə isə 9 min 180 nəfər cəlb edilib.

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan digər layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Boru kəmərinə tələb olunan kapital xərcləri 9,2 milyard ABŞ dollarıdır. Bu il Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinə 2 milyard 809 milyon dollar vəsait ayıracağı planlaşdırılır və bu həcmin 55,7 faizi, yaxud da 1,566 milyard dolları TANAP-a sərf ediləcək. Layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur. TANAP-ın tikintisinin 2018-ci ilin iyun ayının sonunadək başa çatacağı planlaşdırılır.

Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1334 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 450 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.