DÜNYA
Honkonqun korrupsiyada ittiham olunan sabiq başçısı həbsxanaya düşüb
Bakı, 22 fevral, AZƏRTAC
Honkonqun keçmiş başçısı Donald Tsanq korrupsiya işi üzrə 20 ay müddətində həbs cəzasına məhkum olunub.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Çinin xüsusi administrativ rayonunun Ali Məhkəməsi məmuru Honkonqda yayım fəaliyyətinə lisenziya almağa çalışan kompaniyanın səhmdarının ona hədiyyə qismində verdiyi dəbdəbəli üçmərtəbəli ev barədə məlumatı dövlətdən gizlətməkdə günahlandırıb.
Cinayət işində, həmçinin Tsanqın tanış milyarderlərin təyyarə və yaxtalarından istifadə etməsi haqqında məlumatlar da yer alırdı. Lakin təhqiqat ittiham irəli sürmək üçün bu məsələdə yetərincə dəlil-sübut tapa bilməyib.
Donald Tsanq Honkonqun korrupsiya ittihamı ilə həbs olunan ən yüksək vəzifəli məmurudur.