CƏMİYYƏT
Horadiz-Bakı avtomobil yolunda partlamış “Qrad” raketinin qalıqları aşkarlanıb
Bakı, 6 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri tərəfindən Horadiz-Bakı avtomobil yolunun Füzuli rayonunun Araz Yağlıvənd kəndindən keçən hissəsində qazıntı aparılan əraziyə baxış keçirilib, 1 ədəd partlamış “Qrad” raketinin (9M22U) qalıqları aşkar edilərək götürülüb, 600 kvadratmetr ərazi yoxlanılıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, ümumilikdə Agentlik tərəfindən bu il yanvarın 1-dən iyulun 6-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 10 otlaq, 11 əkin və bir bağçılıq sahəsinə, 1 fermaya, 1 hərbi hissənin yaxınlığına, 167 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, rabitə xəttinin çəkiləcəyi əraziyə, keçmiş hərbi şəhərciyə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib. Nəticədə 5789 ədəd partlamamış hərbi sursat, 193 ədəd tank əleyhinə mina və 30 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 4.686.642 kvadratmetr ərazi (708.858 kvadratmetri əl ilə, 1.607.140 kvadratmetri mexaniki üsulla, 113.000 kvadratmetri SENSYS dərinlik ölçən cihazı və 2.257.644 kvadratmetri minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.