REGİONLAR
Horadiz sərhəd dəstəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Bakı, 31 iyul, AZƏRTAC
İyulun 31-də Dövlət Sərhəd Xidmətinin Horadiz sərhəd dəstəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə hərbi hissənin zabit, əsgər heyəti ilə yanaşı, gənc əsgərlərin valideynləri də iştirak ediblər.
Təntənəli marşın sədaları altında hərbi hissənin Döyüş Bayrağı meydana gətirildikdən sonra gənc əsgərlər Vətənə sədaqət andı içərək Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü qanını və canını əsirgəməyəcəklərinə söz veriblər.
Mərasimdə çıxış edənlər 13-cü ildönümü qeyd edilən Dövlət Sərhəd Xidmətinin sıralarına qatılması münasibəti ilə gənc əsgərləri və onların ailə üzvlərini təbrik ediblər. Məlumat verilib ki, müasir tələblərə cavab verən və mükəmməl maddi-texniki bazaya malik bu sərhəd dəstəsi Azərbaycan sərhəd mühafizəsinə göstərilən diqqət və qayğının təzahürü, dövlətimizin sürətli inkişafının, iqtisadi, siyasi və hərbi qüdrətinin bariz nümunəsidir.
Gənc əsgərlər hərbi anda sadiq qalacaqlarını bildirərək, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə söz veriblər.
Tədbir gənc əsgərlərin tribuna önündən təntənəli marşla keçidi ilə başa çatıb.