REGİONLAR
Horadizdə “Milli qurtuluşdan başlanan yollar” devizi altında kütləvi vətənpərvərlik bayramı keçirilib
Füzuli, 15 iyun, AZƏRTAC
Horadiz şəhər stadionunda Müdafiə Nazirliyi və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Milli qurtuluşdan başlanan yollar” devizi altında kütləvi vətənpərvərlik bayramı keçirilib.
AZƏRTAC xəbər verir ki, Müdafiə Nazirliyinin rəsmiləri, Füzuli Rayon İcra Hakimiyyətinin rəhbərliyi və qonaqlar əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.
Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tədbir iştirakçılarını salamlayıb, bu tədbirin Horadiz şəhərində keçirilməsinin təsadüfi olmadığını qeyd edib. Bildirib ki, Horadiz və rayonun 20-dən çox yaşayış məntəqəsi məhz Ulu Öndərin Azərbaycan hakimiyyətinə yenidən qayıdışı və Azərbaycan Ordusunun şücaəti nəticəsində azad edilib. Ötən dövrdə rayonun işğaldan azad edilmiş yaşayış məntəqələri yenidən qurulub, Horadiz qəsəbəsinə şəhər statusu verilib.
Milli Qurtuluş Gününün əhəmiyyətindən danışan Alı Alıyev bildirib ki, 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə Ulu Öndərin Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Milli Qurtuluş Günü Azərbaycanı güclü əsaslara söykənən davamlı sosial-iqtisadi inkişaf yoluna çıxarıb, Vətənimizi qorumağa qadir olan güclü ordu yaranıb, Azərbaycan xalqının bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edilib.
Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev nazir general-polkovnik Zakir Həsənovun adından tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib, xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən, ordu quruculuğundakı müstəsna fəaliyyətindən danışıb. İnamla bildirib ki, Heydər Əliyev ideyalarına həmişə sadiq olan Azərbaycan əsgəri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aprel döyüşlərindəki qələbəni yenidən təkrarlamağa hazırdır.
Vaxtilə bu bölgədə birlik komandiri vəzifəsində xidmət etmiş ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov, Horadizin azad edilməsində xüsusi xidmətləri olmuş sabiq hərbi hissə komandiri ehtiyatda olan polkovnik Şair Ramaldanov hər zaman Ali Baş Komandan İlham Əliyevin əmrlərinə hazır olduqlarını deyiblər.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov xocavəndlilərin də gələcəyə böyük inamla baxdıqlarını, Horadiz, Cocuq Mərcanlı kimi onların da yolunu gözləyən yurd yerlərinin intizarına tezliklə son qoyulacağına inandıqlarını bildirib.
Əməkdar İncəsənət Xadimi Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə hazırlanan kütləvi vətənpərvərlik bayramı Silahlı Qüvvələr Mahnı və Rəqs Ansamblının rəngarəng ifası, tanınmış incəsənət ustalarının, Füzuli Dövlət Dram Teatrının, məktəblilərin və birləşmiş əsgər özfəaliyyət kollektivlərinin iştirakı ilə rəngarəng proqramla davam edib.