REGİONLAR
Horadizdə Qəhrəmanlar parkı açılıb
Füzuli, 28 noyabr, AZƏRTAC
Horadiz şəhərində yeni salınan Qəhrəmanlar parkının açılışı olub.
AZƏRTAC xəbər verir ki, Füzuli rayon ictimaiyyətinin nümayəndələri, hüquq mühafizə orqanlarının rəhbərləri, hərbçilər, Milli Qəhrəmanların ailə üzvləri parkda inşa edilən abidə önünə gül-çiçək dəstələri qoyaraq, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzində davam edən tədbirdə çıxış edənlər füzulili gənclərin torpaqlarımızın müdafiəsindəki şücaətindən, Milli Qəhrəmanların mənalı ömür və şərəfli döyüş yollarından, ölkəmizdə Qarabağ müharibəsi veteranlarına, əlillərə və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb, abidənin gələcək nəslin vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynayacağını vurğulayıblar.
Məlumat verilib ki, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində Füzuli rayonu üzrə 735 nəfər şəhid olub, 1240 nəfər sağlamlığını itirib, 181 nəfər itkin və girov düşüb. Səkkiz nəfər füzulili döyüşlərdə göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Əminliklə bildirilib ki, işğal altında olan bütün torpaqlarımız Azərbaycan dövlətinin qüdrəti, Prezident İlham Əliyevin qətiyyəti və ordumuzun gücü sayəsində düşmən tapdağından azad ediləcəkdir.
Milli Qəhrəmanların ailə üzvləri, Qarabağ müharibəsinin iştirakçıları çıxış edərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Tədbirdə Milli Qəhrəmanların ailələrinə hədiyyələr təqdim edilib. Tədbir rayonun musiqi kollektivlərinin ifasında rəngarəng konsert proqramı ilə başa çatıb.