REGİONLAR
Horadizdə keçirilən hərbi vətənpərvərlik tədbiri nikbin duyğular yaradıb ViDEO
Füzuli, 22 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Horadiz şəhərindəki Bayraq meydanında Müdafiə Nazirliyinin və Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Səninlə fəxr edirik, Azərbaycan əsgəri” adlı hərbi vətənpərvərlik tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə hərbi qulluqçular, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər. Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani aprelin əvvəllərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan ordusunun verdiyi layiqli cavabdan, düşmənə ağır zərbə vurmasından, strateji əhəmiyyətə malik bir neçə yüksəkliyin azad edilməsindən, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən danışıb.
Tədbirdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, cəbhədə baş verən son döyüşlərdə ordumuz öz gücünü, qüdrətini bir daha göstərdi. Azərbaycan əsgəri qələbə çalmaq əzmini nümayiş etdirdi.
Çıxışlarda qeyd edilib ki, Azərbaycan müharibə istəmir. Lakin Azərbaycan xalqı öz torpaqlarını da heç zaman güzəştə getməyəcək. Bu gün işğal altındakı torpaqlarımızı azad etməyə qadir güclü ordumuz var. Azərbaycan ordusu düşmənin bütün təxribatlarının qarşısını qətiyyətlə alır, Vətənin keşiyində əzmlə dayanır.
Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Xalq Artisti Samir Cəfərovun ifasında hərbi vətənpərvərlik mövzusunda mahnılar və rəqslər tədbir iştirakçılarında yüksək əhval-ruhiyyə yaradıb.
Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə yüksək fəxri ada layiq görülən, orden və medallarla təltif olunan hərbçilər tədbirə toplaşan rayon sakinləri tərəfindən hərarətlə qarşılanıb. Hərbçilərə alqış sədaları altında fəxri fərman və nişanlar təqdim edilib.
Hərbi vətənpərvərlik tədbiri iştirakçılarda nikbin duyğular yaradıb, qələbəyə inam hissini daha da artırıb.