QAN YADDAŞI
Höteburq Universitetində Xocalı soyqırımı ilə bağlı həqiqətlərdən danışılıb VİDEO
Stokholm, 26 fevral, AZƏRTAC
İsveçin Höteburq Universitetində Xocalı soyqırımına həsr olunan tədbir keçirilib.
Leksiya və diskussiya xarakterində keçirilən tədbir Azərbaycanın İsveçdəki səfirliyinin və İsveçin Gənc Azərbaycanlıları Təşkilatının dəstəyi ilə baş tutub.
Leksiyanın aparıcısı, Xəzər Universitetinin siyasi elmlər və beynəlxalq əlaqələr fakültəsinin əməkdaşı Muxtar Hacızadə isveçli tələbələr qarşısında çıxış edərək, Azərbaycanın yerləşdiyi regionda baş verən müxtəlif siyasi və geosiyasi proseslərdən söz açıb. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və siyasi aspektləri, münaqişənin səbəbləri və Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti barədə danışıb.
Muxtar Hacızadə XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı ilə bağlı məlumat verərək, Xocalı şəhərinin bir gecənin içində erməni hərbi birləşmələri tərəfindən yer üzündən silindiyini, 613 günahsız azərbaycanlının ermənilər tərəfindən qəddarlıqla qətl edildiyini bildirib. Xocalıda ermənilər tərəfindən törədilən soyqırımı aktının bəşəri bir cinayət olduğunu qeyd edən M.Hacıyev dünyanın bu faciəyə biganə qalmayacağına, erməni canilərinin gec-tez öz layiqli cəzalarını alacağına ümidvar olduğunu söyləyib. O, sivil dünyanın bir parçası olan İsveç ictimaiyyətinin də Xocalı soyqırımı ilə bağlı öz səsini qaldıracağına ümid etdiyini bildirib.
Sonra tədbir debat və sual-cavab formatında davam edib.
Azərbaycan səfirliyi tərəfindən Xocalı soyqırımı ilə bağlı hazırlanmış məlumat broşürləri və faciəni əks etdirən video-disklər mərasim iştirakçılarına təqdim olunub.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm