İQTİSADİYYAT
Hövsanda 19 sahibkarlıq subyektinə 2,6 milyon manat kredit verilib
Bakı, 26 may, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun Suraxanı rayonunun Hövsan kəndində keçirdiyi işgüzar forumda müvəkkil kredit təşkilatları vasitəsilə 19 sahibkarlıq subyektinə 2,6 milyon manat kredit verilib. Kreditlər əsasən, heyvandarlıq, quşçuluq, çörək və un məmulatları, hava kompressorları, tikinti materialları, mebel istehsalı və s. sahələrə yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 100-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, işgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Suraxanıda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib. Yüzə yaxın sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Suraxanı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in, ət kəsimi, üzlük daşlar, polietilen paketlər və corab istehsalı müəssisələrinin, istixana və zeytunçuluq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, indiyədək Suraxanı rayonundan olan 162 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 22,5 milyon manat güzəştli kredit yönəldilib. Ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1230-dan çox investisiya layihəsinin maliyyələşdirilməsinə 317 milyon manat güzəştli kredit verilib. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodları, istixana kompleksləri, quşçuluq təsərrüfatları, logistika mərkəzləri, tara, metal konstruksiya, neft-kimya, qida sənayesi avadanlıqları, mebel istehsalı, ət emalı və digər sənaye müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib.
Forum çərçivəsində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində dövlətin güzəştli krediti hesabına yaradılmış transformator və müxtəlif növ elektrotexniki avadanlıqlar istehsal edən zavoda baxış keçirilib. Bu zavodda istehsal olunan məhsullar əsasən, Kanada, Rusiya, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Ukrayna, Moldova, İraq, Bəhreynə ixrac olunur. Ümumiyyətlə, ölkəmizdə aparılan sənayeləşmə siyasətinə uyğun olaraq, sənaye üzrə 140-dan çox layihənin maliyyələşdirilməsinə 460 milyon manata yaxın güzəştli kredit verilib. Bu müəssisələrdən 120-si istifadəyə verilib. Müəssisələrdə istehsal olunan məhsullar idxalı əvəz etməklə yanaşı, ölkənin sənaye potensialının reallaşdırılmasında mühüm rol oynayacaq.