SİYASƏT
Huawei AZƏRTAC ilə əməkdaşlığı yeni ildə də davam etdirmək istəyir VİDEO
Bakı, 27 dekabr, AZƏRTAC
Huawei şirkəti 2016-cı ildə həyata keçirilən “Gözəl Azərbaycan” layihəsi çərçivəsində AZƏRTAC ilə birgə işləməkdən razı qalıb və bu əməkdaşlığın yeni ildə də davam etdirilməsini istəyir.
Bu fikri HUAWEI Azərbaycan şirkətinin baş icraçı direktoru Cao Zejun dekabrın 27-də AZƏRTAC-da keçirilmiş görüşdə səsləndirib.
Görüşdə Azərbaycan ilə Çin arasında genişlənən əməkdaşlıqdan danışan Baş direktor Aslan Aslanov bildirib ki, rəhbərlik etdiyi agentlik bu əlaqələrin inkişafına hər zaman dəstək göstərməyə hazırdır. “AZƏRTAC ilə Çinin Sinxua agentliyi, həmçinin Bakı Dövlət Universiteti nəzdindəki Konfutsi İnstitutu arasında sıx əməkdaşlıq əlaqələri qurulub. Biz bu əlaqələrin inkişafında və gələcəkdə daha da gücləndirilməsində maraqlıyıq”, - deyə Baş direktor vurğulayıb.
HUAWEI Azərbaycan şirkətinin baş icraçı direktoru Cao Zejun “Gözəl Azərbaycan” layihəsinin cəmiyyətdə böyük əks-səda doğurduğunu və layihəni 2017-ci ildə də davam etdirməyi qərara aldıqlarını söyləyib. Bildirib ki, layihə təkcə Azərbaycanda deyil, Çində də böyük marağa səbəb olub.
AZƏRTAC-ın dünyanın 130-dan çox xəbər agentliyi ilə qarşılıqlı informasiya mübadiləsi apardığını diqqətə çatdıran Aslan Aslanov agentliyin xəbərlərinin Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) saytı vasitəsilə 35 ölkəyə birbaşa yayıldığını qeyd edib. Baş direktor deyib ki, AZƏRTAC Huawei şirkəti ilə birgə layihələri davam etdirməkdə də maraqlıdır.