ELM VƏ TƏHSİL
“Huawei” şirkəti azərbaycanlı tələbələr üçün İKT üzrə inkişaf proqramı elan edir
Bakı, 27 may, AZƏRTAC
“Huawei” şirkəti Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlıq çərçivəsində informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində istedadlı gəncləri üzə çıxarmaq, onların bilik və bacarıqlarını təkmilləşdirmək üçün “Seeds for the Future” proqramına start verir.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, bu proqram gənc istedadların İKT bacarıqlarını inkişaf etdirməyə və biliyin ötürülməsi prosesini sürətləndirməyə yönəlib.
Müsabiqənin yekunlarına görə, münsiflər heyəti İKT sahəsində müəyyən biliyə malik ən yaxşı 10 tələbəni seçəcək. Bu tələbələrin Çin Xalq Respublikasına səfəri təşkil ediləcək. Çində iki həftəlik proqramda iştirak edən tələbələr Pekində, həmçinin Çin mədəniyyətini öyrənmək və tarixi yerləri görmək imkanı da əldə edəcəklər. Daha sonra tələbələr “Huawei” şirkətinin Şencen şəhərində yerləşən baş ofisinə gedəcək, orada ən son texnoloji yeniliklər barədə məlumat əldə edəcəklər.
“Huawei” şirkətinin məqsədi İKT sahəsi üzrə bacarıqlı tələbələrin biliklərini Çində daha da təkmilləşdirmək və Azərbaycan universitetləri ilə əməkdaşlıq edərək yerli İKT təlim proqramlarını həyata keçirməkdir.
Xatırladaq ki, 2015-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Huawei” şirkətinin Pekində yerləşən Sərgi Mərkəzində olarkən Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafına böyük diqqət ayrıldığını və bu proseslərdə “Huawei”in böyük rolunu qeyd edib.
Ölkə rəhbərliyi, həmçinin azərbaycanlı gəncləri qlobal təcrübə toplamağa və beynəlxalq əlaqələri gücləndirməyə daha çox yönəltmək arzusundadır.