ELM VƏ TƏHSİL


“Huawei” şirkətinin “Azərbaycan tələbələri üçün inkişaf proqramı”nın qalibləri müəyyən olunub

Bakı, 22 iyun, Elvira Məmmədova, AZƏRTAC

Xəbər verildiyi kimi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Təhsil nazirlikləri ilə əməkdaşlıq çərçivəsində Çinin “Huawei” şirkəti informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinə marağı olan istedadlı gəncləri aşkara çıxarmaq, eləcə də onların bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə “Seeds for the Future” proqramına start verib. Tələbələrin İKT bacarıqlarını inkişaf etdirməyə və biliyin ötürülməsi prosesini sürətləndirməyə hədəflənən proqrama seçim turu başa çatıb, qaliblər müəyyən olunub.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar iyunun 22-də “Huawei-Azərbaycan” şirkətində qaliblərlə görüş keçirilib. “Huawei” şirkətinin regional media meneceri Dong Aibonun da iştirak etdiyi görüşdə şirkətin fəaliyyəti barədə məlumat verilib, “Huawei”nin ölkəmizdə həyata keçirdiyi layihələrdən danışılıb. Qeyd edilib ki, “Huawei”nin məqsədi İKT sahəsi üzrə bacarıqlı tələbələrin biliklərini Çində daha da təkmilləşdirmək və Azərbaycan universitetləri ilə əməkdaşlıq çərçivəsində yerli İKT təlim proqramlarını həyata keçirməkdir.

Şirkətin şəbəkə həlləri üzrə baş meneceri Eldar Cəbrayılov 5G şəbəkəsi ilə bağlı təqdimatla çıxış edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Aysel Qəribzadə qalibləri təbrik edib, Azərbaycanda İKT sahəsinin inkişafına çox böyük önəm verildiyini vurğulayıb. Qeyd edilib ki, müsabiqənin ikinci turuna 25 tələbə layihə təqdim edib. Onların arasından seçilmiş 10 tələbə İKT üzrə təlim kurslarında iştirak etmək üçün Çinə göndəriləcək. Qalib adını qazanan gənclər “ADA”, Bakı Dövlət, Azərbaycan Texniki, Bakı Mühəndislik, və Azərbaycan Dövlət Neft və Sənaye universitetlərinin tələbələridir. “Ümid edirəm ki, gənclərimiz proqram bitdikdən sonra öyrəndikləri bilik və təcrübəni Azərbaycanda səmərəli şəkildə istifadə edəcəklər”, - deyə A.Qəribzadə bildirib.

Tədbirdə “Huawei” şirkətinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Sonda qaliblər şirkət tərəfindən hədiyyələrlə mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.