SİYASƏT


“HuffPost Maghreb”: Azərbaycan Qafqazın sabitlik və inkişaf sütunudur

Paris, 26 may, AZƏRTAC

Fransızdilli “HuffPost Maghreb” saytında Azərbaycan haqqında məqalə verilib.

Məqalədə Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsindən, BMT, Avropa Şurası, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı kimi bir çox beynəlxalq təşkilatlara üzv olmasından bəhs edilir. Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi qəbul olunduğunu vurğulayan müəllif diqqəti bu ölkənin Fransa ilə əlaqələrinin inkişafına cəlb edir. Bildirir ki, Fransua Ollandın prezidentlik fəaliyyətinin sonuna yaxın Azərbaycan Prezidenti İlham Əliyevlə Parisdə görüşməsi ölkəmizlə tərəfdaşlığın vacibliyinin göstəricisidir.

Məqalədə qeyd edilir ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Heydər Əliyevin sayəsində inkişaf edib, şaxələndirilmiş iqtisadiyyata malik ölkəyə çevrilib.

Müəllif Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gedən inkişaf proseslərindən bəhs edir. Həmçinin Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlər haqqında məlumat verilir.

Məqalədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətinə geniş yer ayrılır. Bildirilir ki, ölkənin davamlı inkişafında böyük xidmətləri olan Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycanla yanaşı, Avropa mədəniyyətinə də töhfələr verib. Fondun dəstəyi ilə İtaliyada, Fransada, Bolqarıstanda və digər ölkələrdə bir sıra qədim kilsələrdə bərpa işləri aparılıb. Bütün bu layihələr göstərir ki, Azərbaycan kimi müsəlman ölkələri sivilizasiyalar, dinlər və mədəniyyətlər arasında dialoqun təşviqinə töhfə verə bilər.

Müəllif Mehriban Əliyevanın Azərbaycanda təhsilin, mədəniyyətin, səhiyyənin inkişafı istiqamətində həyata keçirdiyi layihələrdən bəhs edir, ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə onun Dünya Səhiyyə Təşkilatının mükafatına layiq görüldüyü diqqətə çatdırılır. Bundan başqa, Mehriban Əliyevanın 2010-cu ildə Fransa Respublikası Prezidentinin Sərəncamı ilə “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edildiyi vurğulanır.

Məqalədə, həmçinin Azərbaycanın Birinci vitse-prezidentinin Fransaya, eləcə də Fransanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfərləri zamanı keçirilən görüşlərə, müzakirə olunan məsələlərə diqqət yetirilir. Müəllif Bakı Fransız Liseyinin və Fransa-Azərbaycan Universitetinin yaradılmasının ikitərəfli əməkdaşlığın parlaq nümunəsi olduğunu vurğulayır, iki ölkənin şəhərləri arasında qardaşlaşma xartiyalarının imzalandığını qeyd edir.

Sonda məqalədə vurğulanır ki, Qafqazı regionun sabitlik və inkişaf sütunu olan Azərbaycansız təsəvvür etmək mümkün deyil.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.