SİYASƏT
“Huffington Post”: Ekstremizmlə mübarizədə idman önəmli amildir
Qəzet Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarını bu məsələdə nümunə kimi göstərir
Bakı, 24 may, AZƏRTAC
Böyük Britaniyada nəşr edilən “Huffington Post” qəzetində ekstremizmlə mübarizədə idmanın rolundan bəhs edən məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, Müdəssər Əhmədin müəllifi olduğu məqalədə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları bu məsələdə nümunə kimi göstərilir.
Yazıda İslam və Qərb dünyasında müxtəlif dini və etnik qrupların birgəyaşayışı üçün getdikcə artan təhlükə fonunda insanları birləşdirmək məqsədilə yeni model yaratmağın zamanının çatdığı bildirilir. Qeyd edilir ki, pis sosial əlaqələr, səmərəli asudə vaxtın olmaması və aşağı özünüqiymətləndirmə gənclərin terror qruplaşmalarına cəlb edilməsini daha da asanlaşdırır. Müəllif bu məsələlərin həllində İslam Əməkdaşlıq Təşkilatının və Azərbaycan hökumətinin birgə İslam həmrəyliyi təşəbbüsü ilə müsəlman ölkələrini bir araya gətirməsinin təqdirəlayiq olduğunu vurğulayır. Qeyd edilir ki, bu həftə başa çatmış IV İslam Həmrəyliyi Oyunları İƏT-ə üzv ölkələrdən gənc müsəlman idmançıları - kişi və qadın atletləri bir araya gətirdi.
Məqalədə bildirilir ki, IV İslam Həmrəyliyi Oyunlarının əsas mövzularından biri də qadınların hüquqları və imkanlarının genişləndirilməsi idi. Təsadüfi deyil ki, bu Oyunlar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında təşkil olunmuşdu. Mehriban Əliyeva birinci xanım qismində uzun illərdir ki, UNESCO-nun və ISESCO-nun tək qadın xoşməramlı səfiri olaraq mədəniyyətlərarası və sivilizasiyalararası dialoqu dəstəkləyir. Onun təşəbbüs ilə həm Bakıda, həm də xaricdə mədəniyyətlərarası dialoqa xidmət edən xeyriyyə tədbirləri keçirilir.
Məqalədə bildirilir ki, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir İƏT-ə üzv ölkələrin görüşünün açılış mərasimində vurğulayıb ki, bu cür irimiqyaslı beynəlxalq tədbirin keçirilməsinə cavabdeh olan xanım Birinci vitse-prezidentin rolu qadın hüquqları uğrunda mübarizənin ən vacib məsələ olduğu İslam dünyası üçün yeni modeldir.