ELM VƏ TƏHSİL
Humanitar Elmlər Bölməsindən həqiqi və müxbir üzvlüyünə 36 namizəd qeydə alınıb
Bakı, 13 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar Elmlər Bölməsindən ədəbiyyatşünaslıq ixtisası üzrə həqiqi və müxbir üzvlüyünə iki, sənətşünaslıq ixtisası üzrə həqiqi və müxbir üzvlüyünə iki, dilçilik ixtisası üzrə müxbir üzvlüyünə bir, folklorşünaslıq ixtisası üzrə isə həqiqi üzvlüyə bir vakant yer nəzərdə tutulub.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, bunu Humanitar Elmlər Bölməsinin aprelin 13-də keçirilmiş ümumi iclasında bölmənin akademik-katibi, akademik Teymur Kərimli söyləyib.
T.Kərimli ümumilikdə bölmə üzrə həqiqi üzvlüyə beş, müxbir üzvlüyünə isə 31 namizədin qeydə alındığını nəzərə çatdırıb.
İclasda çıxış edən akademik Kamal Abdullayev tədbirin məqsədinin namizədliyi qeydə alınan alimlərin elmi fəaliyyətləri ilə yaxından tanışlıq olduğunu bildirib, seçkidə iştirak edəcək hər kəsə uğurlar arzulayıb.
Sonra namizədlər fəaliyyətləri, əldə etdikləri nailiyyətlər, Azərbaycan elminə verdikləri töhfələr barədə ətraflı məlumat veriblər. Təqdimatlar ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.