REGİONLAR
Humanitar aksiyada 100 nəfərə yaxın könüllü qan verdi
Oktyabrın 20-də Astara Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası keçirildi.
AZƏRTAC xəbər verir ki, “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı”na müvafiq olaraq Səhiyyə Nazirliyinin B. Eyvazov adına Respublika Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının təşkilatçılığı ilə keçirilən humanitar aksiyada əhalinin müxtəlif yaş qrupları iştirak edirdilər.
İnstitutun şöbə müdiri Gülarə Abbasovanın rəhbərlik etdiyi 9 nəfərdən ibarət həkim briqadası xəstəxananın laboratoriya şöbəsində gün ərzində 100 nəfərə yaxın könüllüdən qan götürdü.
Rayon mərkəzi xəstəxanasının işçiləri xeyriyyə tədbirində fəallıq nümayiş etdirdilər.
Aksiya zamanı yığılan qanlar respublika Mərkəzi Qan Bankına təhvil veriləcəkdir. Həmin qanlardan əsasən talassemiya xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsində istifadə ediləcəkdir.
Humanitar aksiyanın iştirakçıları xeyriyyə tədbirinin təşkilini təqdirəlayiq hesab edərək xəstə uşaqların heç də cəmiyyətdən kənarda qalmadığını vurğuladılar, uşaqlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.