MƏDƏNİYYƏT
“Humay” milli mükafatı 25-ci dəfə təqdim edilib
Bakı, 25 aprel, AZƏRTAC
“Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti və “Humay” Milli Mükafatı Akademiyası tərəfindən təsis olunan “Humay” milli mükafatının 25-ci təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mükafat “Humay” Milli Mükafatı Akademiyasının üzvləri tərəfindən hər il cəmiyyətin müxtəlif sahələrində fərqlənən şəxslərə verilir.
Bu dəfə teatr nominasiyasında “Kafkadan salam” və “Fəna” tamaşalarında yaratdığı obrazlara görə Yuğ Dövlət Teatrının aktyoru Qasım Nağıyev, kino nominasiyasında “Nabat” tammetrajlı bədii filminə görə rejissor Elçin Musaoğlu, ədəbiyyat nominasiyasında “Paradoks” adlı əsərinə görə İlham Bədəlbəyli, musiqi nominasiyasında opera-simfonik ifaçılığı və pedaqoji fəaliyyətinə görə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyev və “Qaya” adlı ömür” kitabına görə Rauf Babayev və Nazim Məmmədov “Humay” mükafatına layiq görülüblər.
Müasir İncəsənət Muzeyində uğurla keçirilən “Daş” adlı fərdi sərgisinə görə Hüseyn Haqverdiyə təsviri sənət, Azərbaycan bayrağı altında əldə etdiyi yüksək nailiyyətinə görə 2014-cü ilin sərbəst güləş üzrə dünya çempionu Hacı Əliyevə idman, Azərbaycan jurnalistikasının inkişafına verdiyi töhfələrə görə Nadejda İsmayılovaya jurnalistika, Azərbaycan televiziyasının inkişafına verdiyi töhfələrə görə teleoperator Aydın Mansurova və abunəçilərə göstərilən yüksək və keyfiyyətli xidmətinə görə “AG Telekom” MMC-KATV1” kabel televiziyasına televiziya nominasiyalarında mükafatlar təqdim olunub.
Qeyd edək ki, mükafata namizədlər Azərbaycanın yaradıcı ittifaqları və “Bakılı” Beynəlxalq Mədəni Cəmiyyəti tərəfindən irəli sürülür. Laureatlar isə “Humay” Milli Mükafatı Akademiyası üzvləri tərəfindən müəyyən edilir.