DÜNYA
Hüquq müdafiəçiləri həyəcan təbili çalır: Mosul səması ölüm yağdırır
Berlin, 28 mart, AZƏRTAC
İraqın Mosul şəhəri uğrunda döyüşlərdə hava hücumları dinc əhali arasında yüzlərlə insanın ölümünə səbəb olub.
Bu gün “Amnesty International” hadisə şahidlərinə və hava zərbələrindən sağ qalan adamlara istinadla xəbər verir ki, İŞİD silahlıları ya dağıdılmış evlərin yanında, əsasən də damlarında və ya bağçalarda olublar, ya da basqınların hədəfi olmayan yaxın binalarda səngər düzəldiblər.
Mosul uğrunda döyüşdə xeyli sayda dinc sakinin öldürülməsi hücum əməliyyatını çox çətinləşdirib. Ötən bazar günü ABŞ və İraq hökumətləri ABŞ-ın rəhbərlik etdiyi koalisiya hərbi təyyarələrinin zərbəsi nəticəsində insanların kütləvi həlak olmasına dair ittihamların araşdırılması barədə xəbər verib.
Qeyd edək ki, martın 22-də güclü partlayış nəticəsində 100-dən çox adam həlak olub. Almaniyanın “dpa” agentliyinin rəsmi mənbəyinin sözlərinə görə, ABŞ-ın dəstəyi ilə hökumət qüvvələri fevralın 19-dan İraq meqapolisinin qərb hissəsinə hücuma başlayandan bəri 3000-dən çox mülki şəxs həlak olub.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin