CƏMİYYƏT
Hüquq mühafizə orqanları mütəşəkkil cinayətkarlığa qarşı uğurlu əməliyyat tədbiri keçirib
Bakı, 3 may , AZƏRTAC
Respublikanın hüquq mühafizə orqanları tərəfindən mütəşəkkil cinayətkarlığa qarşı uğurlu əməliyyat tədbirləri həyata keçirilir.
Daxili işlər, prokurorluq orqanlarının və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə bölgədə dini dözümsüzlük və bölücülük meylləri yayan, vətəndaşları hədə-qorxu və digər zorakı üsullarla öz sıralarına cəlb etməyə çalışan, əhali arasında pozuculuq işləri aparan Zaqatala rayon sakinləri Elşad Musayev, Abakar Qazıyev, İslam Ağalarov, Vüqar Cəbrayılov, Bəşir Həmzəyev və Vaqif Padarov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərindən AZƏRTAC-a daxil olan birgə məlumatda bildirilir ki, üzərlərinə və yaşadıqları ünvanlara baxış zamanı onlardan 2 ədəd avtomat silah, 2 tapança, 13 əl qumbarası, 310 ədəd müxtəlif çaplı patron, 5 trotil şaşkası, həmçinin təbliği və yayılması qanunla qadağan edilmiş xeyli sayda dini ədəbiyyat aşkarlanaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Mütəşəkkil dəstənin cinayətkar əlaqələrinin ifşası, habelə, digər üzvlərinin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.