SİYASƏT


Hüquq və İnsan Haqları İnstitutunda erməni terroru və onun nəticələri müzakirə edilib

A+ A

Bakı, 26 oktyabr, Maqsud Dadaşov, AZƏRTAC

Oktyabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunda “Azərbaycan 25 il erməni terroru ilə mübarizədə üz–üzə” mövzusunda “dəyirmi masa” keçirilib.

AZƏRTAC xəbər verir ki, institutun direktoru, Milli Məclisin deputati Aytən Mustafayeva tədbirin dövlət müstəqilliyimizin bərpasının 25 illiyinə həsr olunduğunu deyib. Bildirilib ki, erməni terroru ilə qarşılaşdığı zaman Azərbaycan xalqının səsi dünyada eşidilmirdi. Ötən 25 ildə isə ölkəmiz böyük inkişaf yolu keçib, dünya ölkələri arasında nüfuz sahibidir. Bu gün dünyada bir sıra irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə həyata keçirilir. Ölkəmizin beynəlxalq müstəvidə atdığı hər addımın düşünülmüş olduğunu və vətəndaşların təhlükəsizliyinə xidmət etdiyini vurğulayan A.Mustafazadə deyib: “Azərbaycanın qüdrətli dövlətə çevrilməsi düşmənlərimiz tərəfindən qəbul edilmir. Ona görə də terror hadisələrinin qarşısının alınması üçün hər zaman hazır olmalıyıq. Azərbaycanın təhlükəsizliyi qorunur və bu, daim davam edəcək. Bu gün terrora qarşı səylə mübarizə aparırıq. Ermənilərin qəhrəmanlıq saydıqları cinayətlərin, terrorların beynəlxalq səviyyədə cavabının verilməsinə nail olacağıq. O gün uzaqda deyil”.

İnstitutun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Vəlizadə bu elm müəssisəsinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı gördüyü işlərdən danışıb. O, rus kəşfiyyatçısı, polkovnik Savelyevin “cavabsız qalmış 25 yaşlı” etiraf məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, professor Fuad Nurullah bildirib ki, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi terror siyasətinin əsasında müsəlman olmağımız dayanır. Ermənilər özlərini dünyada yazıq və məzlum göstərirlər. Xalqımız isə müasir müstəqil Azərbaycan ilə fəxr etməli, terrora və cinayətə qarşı mübarizəsindən əl çəkməməlidir. Bütün bəşəriyyətin bəlası olan terrorizmə qarşı mübarizə hər zaman aparılmalıdır.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, professor Firdovsiyyə Əhmədova vurğulayıb ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövcud status-kvo qəbuledilməzdir. Erməni terrorçuluğunun hər zaman bizim üçün təhdid obyekti olduğunu unutmamalıyıq.

Tədbirdə mövzuya dair məruzələr dinlənilib, müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.