CƏMİYYƏT
“Hüquqi dövlət və vətəndaş cəmiyyəti” kitabı çapdan çıxıb
Bakı, 29 aprel, AZƏRTAC
“Hüquqi dövlət və vətəndaş cəmiyyəti” kitabı çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, tədqiqatçı hüquqşünas Rəşad Hüseynovun müəllifi olduğu kitabda dövlət və hüquq anlayışlarının bir-biri ilə sıx bağlılığı geniş elmi təhlillərlə təqdim edilib. Müəllif vətəndaş cəmiyyəti ideyasının tarixinə ekskursiya edərək, Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu prosesi barədə oxuculara ətraflı məlumat verib. Müasir dövrün reallıqlarını tam əks etdirmək baxımından dəyərli vəsait olan nəşrdə Azərbaycan Respublikasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, vəkillik institutunun normal fəaliyyəti üçün dövlət tərəfindən yaradılmış əlverişli mühit, xarici donorlardan asılılığın aradan qaldırılması dərin araşdırmalar nəticəsində dolğun şəkildə diqqətə çatdırılıb.
Kitabda, həmçinin hüquqi dövlət və vətəndaş cəmiyyətində insan azadlığı, Azərbaycanda vətəndaş cəmiyyətinin yaranma səbəbləri və inkişafı, insan hüquq və azadlıqları, hüquqi dövlət quruculuğunun Azərbaycan modeli mövzuları da ətraflı təhlil edilib. Bundan başqa, hüquqi dövlət quruculuğu və hüquqi dövlətin əlamətləri, vətəndaş cəmiyyətində və hüquqi dövlətdə vəkillik institutunun önəmi, eləcə də hüquqi, demokratik cəmiyyətlərdə seçkilər və fikir plüralizmi məsələləri də müəllif tərəfindən ətraflı tədqiq edilərək oxuculara təqdim olunub.
Nəşrin redaktoru Milli Məclisin deputatı Zahid Orucdur. Deputatlar - hüquq üzrə fəlsəfə doktoru Fazil Mustafa rəyçi, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov isə “Ön söz”ün müəllifidir.