REGİONLAR
“Hüseyn Cavid dilinin leksikası” və “Naxçıvan folklor mətnlərində yaşayan tarix” adlı monoqrafiyaların təqdimatı olub
Naxçıvan, 4 noyabr, AZƏRTAC
AMEA Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Çinarə Rzayevanın “Hüseyn Cavid dilinin leksikası” və filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Hüseynzadənin “Naxçıvan folklor mətnlərində yaşayan tarix” adlı monoqrafiyalarının təqdimatı olub.
AMEA Naxçıvan Bölməsinin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə keçirilən tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. Monoqrafiyaların nəşrini yüksək dəyərləndirən akademik kitabların üstün cəhətlərindən danışıb.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Ortaq türk dili və Hüseyn Cavid”, həmin institutun onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayevin “Naxçıvan folkloru və tariximiz” mövzularında məruzələri dinlənilib.
AMEA Naxçıvan Bölməsinin folklorşünaslıq şöbəsinin elmi işçisi Elxan Məmmədov və ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi Əli Həşimov çıxış edərək, hər iki mоnоqrafiyanın üstün cəhətlərini tədbir iştirakçıları ilə bölüşüb, müəlliflərə fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonda müəlliflər çıxış edərək gənc tədqiqatçılara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
“Hüseyn Cavid dilinin leksikası” və “Naxçıvan folklor mətnlərində yaşayan tarix” adlı monoqrafiyalar AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasının “Yeni kitabların daimi sərgisi”ndə nümayiş olunur.