İQTİSADİYYAT
Hüseyn Müftüoğlu: “Ələt Azad Ticarət Zonası Türkiyə iqtisadiyyatı üçün də faydalı olacaq”
Bakı, 15 dekabr, Elvin Camalov, AZƏRTAC
Ələt qəsəbəsində salınacaq Azad Ticarət Zonası (ATZ) Azərbaycanla yanaşı Türkiyə iqtisadiyyatı üçün də çox faydalı olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hüseyn Müftüoğlu bildirib.
Onun sözlərinə görə, hazırda Türkiyə sözügedən layihədə yaxından iştirak edən ölkələrdəndir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yaxın illərdə Dubayda olduğu kimi regionun nəhəng azad ticarət zonasına çevriləcək.
H.Müftüoğlu qeyd edib ki, son illər Azərbaycanda müasir və qlobal infrastruktur layihələri həyata keçirilir: “Bu layihələrdən bəzilərində Türkiyə şirkətləri də yaxından iştirak edirlər. Yaxın vaxtlarda istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu xətti də Azərbaycan ilə Türkiyə qardaşlığının birgə işidir. Bu baxımdan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı da Türkiyə ilə Azərbaycan arasında ticarət əlaqələrini daha da artıracaq. Digər tərəfdən isə bu beynəlxalq layihə Türkiyənin Mərkəzi Asiya və Rusiya bazarına çıxışı üçün sərfəli imkanlar yaradır. Təbii ki, Türkiyə bu cür layihələrə hər zaman dəstək verəcək”.
Həmçinin H.Müftüoğlu bildirib ki, Türkiyə Azərbaycanı Cənubi Qafqazın lider ölkəsi hesab edir. Bu gün Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar və nəhəng layihələr onu deməyə əsas verir ki, Azərbaycanın paytaxtı Bakı yaxın gələcəkdə dünyanın ən müasir şəhərləri ilə rəqabət aparacaq.