MƏDƏNİYYƏT
Hüsnan bey Fanani: Zəngin mədəniyyətə malik Azərbaycan Xəzərin mirvarisidir
Bakı, 3 avqust, AZƏRTAC
Zəngin mədəniyyətə malik olan Azərbaycan Xəzərin mirvarisidir.
Bu sözləri avqustun 3-də İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan bey Fanani Bakıda ölkəsinin təqdimatı ilə bağlı keçirilən tədbirdə deyib.
Səfir bildirib ki, Azərbaycanda İndoneziyanın mədəniyyətinin və turizminin tanıdılması, təbliği üçün bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır. Onun sözlərinə görə, sentyabrın 9-11 Bakıda ikinci İndoneziya Mədəniyyət Festivalı keçiriləcək.
Açılış mərasiminin Heydər Əliyev Sarayında keçiriləcəyini söyləyən səfir festivalda iştirak etmək üçün İndoneziyadan Azərbaycana böyük nümayəndə heyətinin gələcəyini vurğulayıb. O deyib ki, heyətin tərkibində mədəniyyət və incəsənət nümayəndələri ilə yanaşı, iş adamları da olacaq. “Miss İndoneziya”nın da Azərbaycana gələcəyi gözlənilir. Festivalın növbəti günü Bakı bulvarında “Fun walk” yürüşü olacaq. Hər kəs birlikdə yürüş edib mahnı oxuya, rəqs edə biləcək”.