SİYASƏT


Hyuston Universitetində Azərbaycana həsr olunan konfrans keçirilib

A+ A

Vaşinqton, 17 noyabr, AZƏRTAC 

ABŞ-ın nüfuzlu Hyuston Universitetində Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 25-ci ildönümünə həsr olunan konfrans keçirilib. Bu ali təhsil ocağının professor və tələbə heyəti tərəfindən maraqla qarşılanmış konfrans Hyustondakı Azərbaycan Mədəniyyət Mərkəzi və Hyuston Universiteti ilə birgə təşkil olunub.

Konfransda əsas məruzəçilər qismində Dövlət Bayrağı Gününə həsr olunmuş rəsmi tədbirdə iştirak etmək məqsədilə Hyustonda səfərdə olan ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov çıxış ediblər.

Robert Sekuta çıxışı zamanı Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olan ABŞ-ın həmin zamandan bəri Azərbaycanın yanında olduğunu söyləyib. O, Azərbaycanın ABŞ və NATO-nun əhəmiyyətli tərəfdaşı olduğunu vurğulayıb. ABŞ rəsmisi Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsini, habelə müasir İpək Yolunun canlandırılmasında xüsusi rolunu vurğulayıb. O, hazırda Azərbaycanla ABŞ arasında enerji, təhlükəsizlik istiqamətlərində, o cümlədən terrorçuluqla mübarizə sahəsində səmərəli əməkdaşlığın həyata keçirildiyini xüsusilə qeyd edib. R.Sekuta, həmçinin 1976-cı ildən qardaşlaşmış şəhərlər olan Hyustonla Bakı arasında bir çox baxımdan oxşarlığı xatırladaraq, bu şəhərlər arasında əlaqələrin cari vəziyyətini yüksək qiymətləndirib və bu kontekstdə Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının rolunu xüsusilə qeyd edib.

Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri M.Talıbov müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünü qeyd edən Azərbaycan dövlətinin müsəlman Şərqində ilk demokratiyanın davamçısı olduğunu söyləyib. Azərbaycanın unikallığını dərk etmək üçün dövlətimizin keçdiyi tarixi yolun, üzləşdiyi çətinliklərin, əldə etdiyi nailiyyətlərin dəyərləndirilməsinin vacibliyini vurğulayıb. 25 ilin ilk baxışdan qısa bir dövr olduğunu qeyd edən diplomat həmin zaman ərzində dövlət quruculuğu, cəmiyyətin inkişafı, xalqın rifahı və digər vacib sahələrdə ölkəmizin böyük nailiyyətlərə imza atdığı, habelə Azərbaycanın dünyada öz layiqli yerini tutduğunu və regionun liderinə çevrildiyini qeyd edib. Azərbaycanın bu uğurlarının ölkə rəhbərliyinin müdrik və ardıcıl siyasəti nəticəsində mümkün olduğunu bildirən diplomat həmin illər ərzində bir sıra sahələrdə ABŞ-la səmərəli tərəfdaşlığın həyata keçirildiyini söyləyib.

Azərbaycan səfirliyinin nümayəndəsi dünyada dini, mədəni zəmində artan gərginlik fonunda Azərbaycanda müxtəlif din və mədəniyyət icmalarının sülh və dostluq şəraitində yaşadıqlarını bildirib, cəmiyyətimizdə dərin köklərə malik tolerantlıq və multikulturalızm ənənələrinin davam etdiyini vurğulayıb. O qeyd edib ki, ölkə rəhbərliyinin təşəbbüsü ilə multikulturalizm və mədəniyyətlərarası dialoq sahəsində dünya miqyaslı forum və tədbirlər keçirilir. Eyni zamanda, səfirliyin müşaviri ölkəmizin təşəbbüsü ilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars irimiqyaslı iqtisadi layihələrin həyata keçirildiyini, habelə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayacaq “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmaqda olduğunu bildirib. Azərbaycanlı diplomat Ermənistanın ölkəmizə qarşı uzun illərdən bəri davam edən təcavüzünə toxunaraq Azərbaycan ərazisinin bir hissəsinin hələ də işğal altında olduğunu və bir milyon insanın öz yurd-yuvasından məcburi köçkün düşdüyünü vurğulayıb, dünya ictimaiyyətinin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın bu münaqişənin ədalətli həlli üçün beynəlxalq hüquq və münaqişəyə aid qəbul edilmiş beynəlxalq sənədlər əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün səylərini artırmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, dünya ictimaiyyəti bu kimi münaqişələrə yanaşmada fərq qoymamalı və təcavüzkara qarşı prinsipial mövqe nümayiş etdirməlidir. Azərbaycanın ABŞ Administrasiyasından gözləntiləri barədə suala cavab verən səfirliyin müşaviri ölkəmizə qarşı daha konstruktiv və praqmatik yanaşmaya ümid etdiyini bildirib.

ABŞ səfiri və Azərbaycan səfirliyinin müşaviri Hyustona səfər çərçivəsində birgə Birləşmiş Ştatların ən böyük dəniz limanlarından biri olan Hyuston limanına səfər edərək əməliyyatlar üzrə direktor Tomas Heidt və digər rəhbər şəxslər, Hyuston Universitetinin prorektoru Xayme Ortiz, Hyustonun ən böyük kompaniyalarını özündə birləşdirən Böyük Hyuston Tərəfdaşlıq Təşkilatının rəhbəri Bob Harvi, Hyuston merinin inkişaf məsələləri üzrə müavini Endryu İken ilə görüşüblər. Görüşlər zamanı Bakı ilə Hyuston arasında bütün sahələrdə əməkdaşlığın gücləndirilməsi, o cümlədən enerji tədqiqatları, yüksək texnologiyalar, ticarət missiyaları, akademik, təhsil və mədəniyyət sahələrində birgə işlərin həyata keçirilməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Hyuston Limanı arasında təcrübə mübadiləsi, birgə tədbirlərin keçirilməsi və s. məsələlərə dair fikir mübadiləsi aparılıb.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.