QAN YADDAŞI


Hyustonda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

A+ A

Vaşinqton, 28 fevral, AZƏRTAC

Fevralın 27-də ABŞ-ın Texas ştatının Hyuston şəhərindəki Azərbaycan Mərkəzində “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı qətliamının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçılarını salamlayan mərkəzin direktoru İradə Axundova 1992-ci il 26 fevral tarixinin azərbaycanlıların qəlbində ən kədərli gün olduğunu deyərək bu ağrılı hadisələrin canlı şahidi olduğunu bildirdi. O, Azərbaycan xalqının Xocalı qətliamının qurbanlarına ədalət tələb etdiyini və buna bir gün nail olacağımıza inandığını dedi, Azərbaycanın bu istiqamətdəki səylərini dəstəkləyən və onun yanında olan bütün dostlara təşəkkür etdi. İ.Axundova tədbirin Hyustonda artıq altıncı ildir keçirildiyini vurğuladı. Bildirildi ki, bu müddət ərzində bir sıra yerli qanunverici orqanın nümayəndələri, həmçinin ABŞ Konqresində Texas ştatını təmsil edən konqresmenlər təbirlərdə iştirak edib və Azərbaycanın ədalətli mövqeyini dəstəkləyiblər.

Sonra tədbir iştirakçıları Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra “ADA” Universiteti ilə Hyuston Universiteti arasında tələbə mübadiləsi proqramı çərçivəsində bu şəhərdə təhsil alan azərbaycanlı tələbələr Turan Ağabəyli və Musa Quliyev 1992-ci ilin soyuq qış günündə Xocalıda baş vermiş dəhşətli hadisələrdən danışıblar.

Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov Xocalı faciəsinin hər bir azərbaycanlının qəlbində sızlayan yara və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi olduğunu bildirdi. Diplomat Xocalı dəhşətlərinin bir daha münaqişənin tezliklə həll olunmasının, regionumuzda sülhün və sabitliyin bərqərar olmasının nə qədər vacib olduğunu göstərdiyini, buna nail olmağın yeganə yolunun isə Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasının, 24 ildir ki, doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtmalarının təmin edilməsi olduğunu vurğuladı.

Türkiyə Respublikasının Hyuston şəhərindəki baş konsulu Ferhat Alkan Xocalı qətliamının bəşəriyyət tarixində ən dəhşətli cinayətlərdən olduğunu deyərək Türkiyə hökuməti və bütün türk xalqı adından bu ağrını bölüşdüyünü, Xocalının günahsız qurbanlarının heç zaman unudulmayacağını vurğuladı. Baş konsul Azərbaycan ərazisinin 20 faizinin Ermənistanın işğalı altında olduğunu, bu təcavüzün bir çox qara səhifələrlə yadda qaldığını, lakin bütün bunlara baxmayaraq, Azərbaycanın bu gün sülhpərvər, demokratik, uğurlu və güclü dövlətə çevrildiyini bildirdi.

Daha sonra çıxış edən ABŞ Konqresinin üzvü Əl Qrinin (Al Green) köməkçisi Sem Merçant konqresmenin ABŞ Konqresinin Xocalı qətliamını tanıyan ilk üzvlərindən biri olduğunu xatırlatdı və onun Azərbaycan xalqının kədərini bölüşdüyünü bildirdi. S.Merçant, eyni zamanda, konqresmen adından mərkəzə Azərbaycan mədəniyyətinin, irsinin və dostluğunun təşviqini təqdir edən sənəd təqdim etdi.

Texas ştatının senatoru Rodni Ellisin (Rodney Ellis) köməkçisi Ceyms Vinston da senator tərəfindən imzalanmış Xocalı qətliamının anılmasına dair sənədi Azərbaycan Mərkəzinə təqdim etdi.

Bundan sonra Hyuston şəhərində yaşayan Azərbaycan icmasının üzvü Sona Məmmədova Xocalı dəhşətləri ilə bağlı hislərini bölüşərək, həmin hadisələrin təsiri altında yazdığı poemanı oxudu.

Sonda Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi, xüsusilə Xocalı faciəsindən bəhs edən film nümayiş etdirildi.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.