SİYASƏT


İƏT XİN Şurasının sessiyasında Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən sənədlər qəbul edilib

A+ A

Bakı, 19 oktyabr, AZƏRTAC

Özbəkistanın Daşkənd şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 43-cü sessiyasında Ermənistanın Azərbaycana qarşı təcavüzünə və bu təcavüz nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam tarixinə və mədəniyyətinə aid abidələrin dağıdılmasına dair qətnamə qəbul olunub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qətnamədə Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsindən, bu işğalın davam etməsi və Azərbaycan ərazilərinin birtərəfli qaydada fiziki, demoqrafıq, iqtisadi, sosial və mədəni xarakterinin, eləcə də institusional strukturu və statusunun Ermənistan Respublikası tərəfindən dəyişdirilməsindən, habelə işğal olunmuş Azərbaycan ərazilərində ictimai və şəxsi mülkiyyətin məhv, talan edilməsi və mənimsənilməsindən, o cümlədən sözügedən ərazilərdə təbii sərvətlərin qeyri-qanuni istismarı, bu sərvətlərdən hazırlanmış məhsulların qanunsuz ticarətindən ciddi və dərin narahatlıq ifadə edilir.

Qətnamədə işğal olunmuş Azərbaycan ərazilərində mədəni mülkiyyətin itkisi, məhvi, çıxarılması, talan edilməsi, qanunsuz daşınması və mənimsənilməsi vandalizm aktı kimi qeyd olunur. Təşkilata üzv dövlətlər Ermənistanın təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsindən, onların acınacaqlı halından dərin təəssüf hissi keçirdiklərini bildirir və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tam şəkildə icra edilməsinə riayət olunmasına çağırış edirlər.

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər bir daha Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət ifadə edirlər.

Qətnamədə, həmçinin Ermənistan silahlı qüvvələri tərəfindən mülki Azərbaycan əhalisinə qarşı törədilmiş hərəkətlər və insanlıq əleyhinə cinayətlərdən, o cümlədən işğal olunmuş ərazilərdə arxeoloji, mədəni və dini abidələrin qarət edilməsi və məhvindən ciddi narahatlıq ifadə edilir. Tələb olunur ki, Ermənistan silahlı qüvvələri BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən və digər ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılsın.

Sənəddə Ermənistanın təcavüzkar kimi tanınması və təşkilatın nizamnaməsinin 7-ci bəndinə uyğun olaraq lazımi tədbirlərin görülməsi üçün BMT Təhlükəsizlik Şurasına çağırış edilir. Eləcə də üzv dövlətlərdən xahiş olunur ki, silah və hərbi avadanlığın Ermənistana ötürülməsi üçün öz ərazilərindən tranzit kimi istifadəyə imkan verməsinlər.

Qətnamədə Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş norma və prinsipləri, Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, eləcə də ATƏT-in sənəd və qərarlarına uyğun olaraq Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həll edilməli olduğu vurğulanır.

Qərara alınır ki, üzv dövlətlərin BMT-dəki daimi missiyaları BMT Baş Assambleyasında səsvermələr zamanı Azərbaycanın ərazi bütövlüyünə tam dəstək versinlər.

“Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam tarixinə və mədəniyyətinə aid abidələrin dağıdılması” adı altında qəbul edilmiş sənəddə isə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki tarixi, mədəni, arxeoloji, antropoloji və etnoqrafik abidələrin, maddi-mədəniyyət nümunələrinin İslam irsinin ayrılmaz tərkib hissəsi olduğu bildirilir və bu irsin Ermənistan tərəfindən dağıdılması kəskin tənqid edilir. Bu kimi əməlləri ilə Ermənistan Respublikasının silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında Haaqa Konvensiyası və onun əlavə protokollarını kobud şəkildə pozduğu qeyd olunur.

Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin qəti şəkildə və qeyd-şərtsiz icra edilməsi tələb olunur.

Ermənistandan tələb edilir ki, beynəlxalq turizm sərgiləri və tədbirlərdə Azərbaycan tarixinə və mədəniyyətinə aid olan irsin özününkü kimi təqdim etməsi fəaliyyətinə son qoysun.

Daşkənddə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 43-cü toplantısında Azərbaycan Respublikasını xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.