CƏMİYYƏT


“İƏT-ə üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda nazirlərin konfransı başa çatıb

A+ A

İstanbul, 3 noyabr, AZƏRTAC

Türkiyə Respublikasının Ailə və Sosial Siyasət Nazirliyinin ev sahibliyi ilə İstanbulda keçirilən “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda nazirlərin VI konfransı noyabrın 3-də başa çatıb.

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin müvafiq nazirliklərinin nümayəndələrinin iştirak etdiyi konfransda Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova təmsil edib.

Konfrans çərçivəsində Hicran Hüseynova Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya, Əfqanıstanın qadın məsələləri üzrə naziri Delbar Nazari və İranın qadın və ailə məsələləri üzrə vitse-prezidenti Şahindoxt Molaverdi, İƏT-in ailə, mədəniyyət və sosial işlər departamentinin rəhbəri Mehla Ahmed Talebna ilə görüşərək birgə əməkdaşlıq və gender məsələlərini müzakirə edib.

Konfransın üçüncü günü “Aktual məsələlərə ortaq yanaşmada İƏT-ə üzv ölkələrdə qadınların vəziyyəti” və “Aktual ortaq çətinliklərdə İƏT-ə üzv ölkələrdə qadınların statusu” mövzuları üzrə panel iclasları keçirilib. İştirakçı tərəflər ölkələrində həyata keçirilən qadın siyasətinin nəticələri, qadın problemləri, qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması istiqamətində görülən işlər, parlament və bələdiyyə seçkilərində qadınların iştirakı, mövzuya dair digər məsələlər ətrafında fikir və mülahizələrini bölüşüblər.

Çıxışlarda Azərbaycanın qadın siyasətinin nəticələri yüksək qiymətləndirilib. Bir neçə dəfə qeyd olunub ki, ölkəmizin gender siyasətinin uğurları, əldə olunan böyük təcrübə İƏT-ə üzv ölkələr üçün nümunə kimi qəbul edilə bilər. Bundan başqa, konfransın Bakı Bəyannaməsinin bütün bəndlərinin icra vəziyyəti yüksək qiymətləndirilib.

Konfransda Azərbaycanda aparılan gender siyasəti təcrübəsinin, o cümlədən qaçqın və məcburi köçkün məsələlərinin həllinə dair dövlət siyasətinin nəticələrinin üzv ölkələrdə tətbiqinə dair müxtəlif təkliflər səsləndirilib.

Konfransda təşkilati məsələlərə baxılıb və Azərbaycan Konfransın büro üzvü seçilib.

Qeyd edək ki, “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda nazirlərin V konfransı 2014-cü ildə Bakıda keçirilib. Bundan başqa, 2011-ci il oktyabrın 25-də Türkiyə Respublikası ilə ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində əməkdaşlıq protokolu imzalanıb.

Konfrans İstanbul Bəyannaməsi qəbul edib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.