SİYASƏT
İƏT-in Praqa qrupuna sədrlik Azərbaycana keçib
Bakı, 25 yanvar, AZƏRTAC
Yanvarın 25-də Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyevin sədrliyi ilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin bu il Çexiyada akkreditə olunmuş səfirlərinin Praqa qrupunun görüşü keçirilib.
Bu barədə səfirlikdən AZƏRTAC-a məlumat verilib. Görüşdə qeyd edilib ki, İƏT-in Praqa qrupuna sədrlik Türkiyənin Çexiyadakı səfirindən Azərbaycanın bu ölkədəki səfirinə keçib.
Fərid Şəfiyev Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında yanvarın 10-da Sərəncam imzaladığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Səfir, həmçinin IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakıda keçiriləcəyini bildirib və bu müstəvidə, cari il ərzində İƏT-in Praqa qrupuna sədrlik edəcəyindən məmnunluğunu ifadə edib.
Azərbaycan səfiri İƏT-in Praqa qrupu platformasından istifadə etməklə, Çexiya hökuməti və ictimaiyyəti ilə əməkdaşlıq edilməsinin əhəmiyyətini vurğulayıb. İslam dəyərlərinin və mədəniyyətinin təbliği, düzgün anlaşılması istiqamətində İƏT-in Praqa qrupunda təmsil olunan səfirləri öz səylərini artırmağa səsləyib.
Azərbaycan səfirliyində keçirilən tədbirdə İƏT-in Praqa qrupuna üzv səfirlərlə yanaşı, Çexiyanın rəsmi qurumlarının və ictimaiyyətinin bir sıra nümayəndələri də iştirak ediblər.