ELM VƏ TƏHSİL
İƏT-in saytı Azərbaycanda ərəb dilinin tədrisinin vəziyyəti barədə məqalə dərc edib
Bakı, 22 dekabr, AZƏRTAC
AZƏRTAC-ın əməkdaşı Şıxəli Əliyevin İslam Əməkdaşlıq Təşkilatının rəsmi mətbu orqanlarından olan İİNA-nın saytında “Beynəlxalq ərəb dili günü: ədəbi dil Azərbaycan tarixinin açarıdır” adlı məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan mədəniyyətinin böyük İslam mədəniyyətinin ayrılmaz hissəsi olmasında ərəb dilinin rolundan, azərbaycanlı ədib və mütəfəkkirlərin böyük bir nəslinin yazdığı əsərlərdə bu dilin inkişafına və tədqiqinə töhfə vermələrindən bəhs edir.
Məqalədə Azərbaycanda ərəb dilinin tədrisi tarixinə qısa ekskurs edilir. Sovet dönəmində çapdan çıxmış bir neçə dərsliyin, o cümlədən 1947-ci ildə nəşr olunmuş Muxtar Əfəndizadənin “Ərəb dilinin açarı” kitabının ərəb dilinin tədrisində rolundan danışılır.
Yazıda həmçinin qeyd edilir ki, 20-ci əsrin 40-cı illərində ərəb dilinin tədrisi sahəsində müəllim və mütəxəssislərin böyük bir nəslinin yetişməsində əvəzsiz xidməti olan dünya şöhrətli alim, professor Əli Əsgər Məmmədovun sayəsində Azərbaycanda ərəb dilinin tədrisi öz çiçəklənmə dövrünü yaşayır. Ərəb dili ilə yanaşı bir neçə dili, o cümlədən rus, alman və ingilis dillərini mükəmməl bilən Əli Əsgər Məmmədov 30-dan artıq ərəb dili dərsliyi və dərs vəsaitinin müəllifidir. Həmin kitablar bugünədək universitetlərdə, orta məktəblərdə əsas tədris vəsaiti kimi istifadə olunur.
Məqalədə respublikamızda ərəb dilinin tədrisinin çağdaş durumuna da müxtəsər toxunulur, vurğulanır ki, hazırda bu dil bir neçə orta və ali məktəbdə tədris olunur.