MƏDƏNİYYƏT
İ.Əbilov adına mədəniyyət mərkəzinin musiqi kollektivlərinin konserti olub
Bakı, 29 may, Zərəngiz Mansurova, AZƏRTAC
Mayın 29-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında İbrahim Əbilov adına mədəniyyət mərkəzinin təşkilatçılığı ilə 28 may - Respublika Gününə və “Bakı-2015” birinci Avropa Oyunlarına həsr edilmiş konsert olub.
AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl çıxış edən mərkəzin bədii rəhbəri, əməkdar mədəniyyət işçisi Mirəhməd Əsgərov Respublika Gününün tarixindən söz açıb. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi və mənəvi varisi olan Azərbaycan Respublikası 1918-1920-ci illərdə toplanmış böyük tarixi təcrübəyə söykənərək, demokratik dövlət quruculuğunu dönmədən həyata keçirir və inkişaf etdirir.
Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuza malik olduğunu bildiriblər.
Vurğulanıb ki, Azərbaycanda birinci Avropa Oyunlarının keçirilməsi isə respublikamızın şöhrətini daha da artıracaq.
Daha sonra mədəniyyət mərkəzinin “Vurğun” poeziya teatrının üzvləri, “Şəlalə” xalq çalğı alətləri ansamblı və “Könül” rəqs qrupu çıxış edib.
Sonda mədəniyyət mərkəzinin üzvlərinə diplomlar təqdim olunub.