CƏMİYYƏT
IB Gənclər Festivalı başa çatıb
Bakı, 30 iyun, AZƏRTAC
“IB Club” Gənclərin İnkişaf Mərkəzi və “Neftçi” Peşəkar Futbol Klubu tərəfindən Bakcell Arenada keçirilən IB Gənclər Festivalı başa çatıb.
On bir mindən çox iştirakçısı olan festival gənclərdə böyük maraq yaradıb. İki hissədən ibarət festivalda gənclər əvvəlcə Arena ətrafında əyləncəli və intellektual oyunlarda iştirak edib, müxtəlif şirkətlərin qurduğu stendlərlə tanış olub, həmin şirkətlərin təklif etdiyi endirimli təkliflərdən yararlanıblar.
Festivalın ikinci hissəsi isə Bakcell Arena daxilində davam edib. Burada iştirakçılar məşhur müğənnilərin ifalarını dinləyib, bir yerdə festivalın himnini oxuyublar. Murad Arifin və Hüsniyyə Məhərrəmovanın aparıcılıq etdikləri festivalın məşhur qonaqları arasında İlham Zəkiyev, Bəhram Bağırzadə, müğənnilər Günay İbrahimli, Sevda Yəhyayeva, Çingiz Mustafayev, Elnur Məmmədov və başqaları olublar.
IB Gənclər festivalına əsas təşkilati dəstəyi 250 mindən artıq gənci özündə birləşdirən, ölkəmizin ən böyük gənclər təşkilatı olan Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və “ASAN Könüllüləri” təşkilatı göstərib. Festivalda icraçı tərəfdaş qismində Gravty Inc., dizayn tərəfdaşı kimi isə BrandUp rəqəmsal agentliyi təmsil olunub.
Festivalın əsas təşkilatçısı olan “IB Club” Gənclərin İnkişaf Mərkəzi 2010-cu ildən etibarən fəaliyyət göstərir və onun 12 minə yaxın üzvü var.