CƏMİYYƏT


IDEA “Eko-skaut” layihəsi uğurla davam edir

Bakı, 17 may, AZƏRTAC

IDEA İctimai Birliyinin təşəbbüsü ilə start verilən və gənclərin böyük marağına səbəb olan “Eko-skaut” layihəsi uğurla davam edir. Qısa müddət ərzində sayları 70-ə çatan layihənin yeni üzvləri ilə mayın 16-da IDEA Resurs Mərkəzində görüş keçirilib.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, sözügedən layihəyə martın 27-də start verilib. Layihənin məqsədi gəncləri təbiətin mühafizəsinə cəlb etmək, onları təbii sərvətlərdən qənaətlə və düzgün istifadəyə təşviq etmək, canlı aləmi dərindən öyrənməyə və qorumağa, eləcə də cəmiyyətdə faydalı ekoloji işlərlə məşğul olmağa sövq etməkdən ibarətdir.

IDEA “Eko-skaut” layihəsi gənclərə planetimiz üçün təhlükə yaradan ekoloji problemləri dərk etmək və bu problemlərin həllinə digərlərini də cəlb etməklə, bu ictimai hərəkatda iştirak etmək və onun lideri olmaq imkanı yaradır. IDEA eko-skautu olmaq istəyən gənclərə görüş zamanı layihənin mahiyyəti, eko-skautların öhdəlikləri, onların fəaliyyət prinsipləri, gündəlik qaydaları, eko-skaut klubuna üzv olmağın yolları, üzvlük kartı və yüksək statuslu kartlar almağın yolları, balların toplanma mexanizmi haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, kluba qoşulmaq üçün müraciət edən gənclərə üzvlük kartı və IDEA tərəfindən xüsusi olaraq hazırlanmış papaq, bel çantası, döş nişanı verilib. Yeni qoşulan üzvlər “Gənc ekoloq” statusu altında ətraf mühitə faydalı işlərlə məşğul olaraq ballar yığıb statuslarını artırmaq imkanı əldə edəcəklər. Kifayət qədər bal toplayan eko-skautlar ən yüksək mərhələyə keçmiş sayılacaq və onlara IDEA tərəfindən qiymətli hədiyyələr təqdim olunacaq.

Görüşün sonunda gənclər könüllü olaraq IDEA eko-skaut layihəsinə qoşulmaq üçün müraciət etmiş yeni üzvlərlərlə birgə “Eko-skaut andı” içiblər.

IDEA “Eko-skaut” layihəsi haqqında, o cümlədən qeydiyyat, üzvlük qaydaları, balların toplanması və s. ilə bağlı ətraflı məlumat üçün: http://www.ideacampaign.org/ecoscout/, tel.: 012 497 63 16 əlaqə saxlamaq xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.