CƏMİYYƏT


IDEA İctimai Birliyi Buzovna çimərliyi ərazisində növbəti təmizlik aksiyası təşkil edib

A+ A

Bakı, 17 sentyabr, AZƏRTAC

Sentyabrın 17-də Beynəlxalq Sahilyanı Təmizlik Günü ilə əlaqədar IDEA İctimai Birliyi “Təmiz Şəhər” ASC ilə birgə Buzovna çimərliyi ərazisində növbəti təmizlik aksiyası təşkil edib.

Bu barədə AZƏRTAC-a IDEA İctimai Birliyindən məlumat verib. Məlumata görə, sahilyanı ərazilərin məişət tullantıları ilə çirkləndirilməsinin qarşısını almaq, o cümlədən dəniz sahillərində təmizliyə riayət olunması ilə bağlı ictimaiyyəti maarifləndirmək məqsədilə keçirilən tədbirdə 100-dən çox könüllü iştirak edib. Zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları topladıqları tullantıları çeşidləyərək xüsusi nəqliyyat vasitəsilə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil veriblər.

Təmizlik həftəsi ilə əlaqədar keçirilən bu tədbir ictimaiyyətin geniş marağına səbəb olub. Cəmiyyətin müxtəlif yaş qruplarını təmsil edən şəxslər IDEA-nın təşəbbüsünə qoşulublar. Tədbir, həmçinin ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta və səfirliyin əməkdaşlarının iştirakı ilə əlamətdar olub. Aksiya IDEA-nın üzv olduğu BMT-nin "Dəniz tullantıları üzrə qlobal əməkdaşlıq" proqramı çərçivəsində təşkil edilib.

IDEA İctimai Birliyi hər il çimərlik mövsümündən əvvəl və sonra dəniz sahillərində yüzlərlə gəncin iştirakı ilə “Sahilləri təmiz saxlayaq” şüarı ilə kütləvi aksiyalar təşkil edir. Bununla yanaşı, IDEA İctimai Birliyi digər su hövzələrində, çaylarda, göllərdə və şəlalələrin ətrafında da oxşar təmizlik aksiyaları keçirir.

Məlumatda bildirilir: “Mövsümdən asılı olmayaraq, IDEA İctimai Birliyi hər kəsi sahilyanı ərazilərin timsalında ətraf mühitin qayğısına qalmağa, ekoloji problemlərə qarşı aparılan mübarizəyə öz töhfələrini verməyə çağırır. Unutmayın, sahillərə atılan plastik qablar, metal məhsullar, şüşə qırıntıları, rezin və digər tullantılar çürümür və bununla da dəniz ətraf mühitində yaşayan canlı aləmi məhv edir”.

IDEA İctimai Birliyi qurumları, təşkilatları və ölkəmizdə təmsil olunan diplomatik nümayəndəlikləri həyata keçirilən ekoloji təşəbbüslərə qoşulmağa dəvət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.