CƏMİYYƏT
IDEA İctimai Birliyi “Uğura gedən yol” layihəsi çərçivəsində növbəti görüş keçirib
Bakı, 23 may, AZƏRTAC
IDEA İctimai Birliyinin Resurs Mərkəzində aprel ayından start götürmüş “Uğura gedən yol” layihəsi çərçivəsində növbəti görüş keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, layihə çərçivəsində təşkil edilən sayca ikinci görüşdə Heyvanların Müdafiə Cəmiyyətinin sədri Azər Qarayev gənclərə öz peşəkar təcrübəsi ilə bağlı təqdimat edib.
A.Qarayev fəaliyyət göstərdiyi müddətdə əldə etdiyi uğurlardan bəhs edib, gənclərə qazanmış olduğu nailiyyətləri haqqında geniş məlumat və özünüinkişafla bağlı dəyərli məsləhətlər verib. Bununla yanaşı, ekspert gəncləri heyvanların mühafizəsinə, onlara qayğı və həssas davranışa çağırıb, onlarla bu mövzuda ətraflı fikir mübadiləsi aparıb. Görüşün sonunda ekspert gəncləri maraqlandıran sualları cavablandırıb.
Layihə çərçivəsində keçirilən bu görüş gənclərə uğur əldə etməyin yollarını aşılamaqla yanaşı, onlarda heyvanlara qayğı mədəniyyətinin formalaşmasına töhfə vermək baxımından mühüm rol oynayıb.
“Uğura gedən yol” layihəsi çərçivəsində növbəti görüşlər barədə elanlar IDEA İctimai Birliyinin rəsmi internet səhifəsində və sosial mediada yerləşdiriləcək. Layihə haqqında əlavə məlumat əldə etmək istəyənlər 497-63-16 şəhər nömrəsi və ya [email protected] elektron poçt ünvanı vasitəsilə IDEA İB ilə əlaqə saxlaya bilərlər.