CƏMİYYƏT


IDEA “Landşaft” kursunu uğurla bitirən gəncləri təltif edib

A+ A

Bakı, 29 noyabr, AZƏRTAC

IDEA İctimai Birliyinin “Gənclərin tədrisi proqramı” sentyabrın 9-da start verdiyi “Landşaft” kursu uğurla yekunlaşıb. Kursu müvəffəqiyyətlə bitirən 30-a yaxın gənc IDEA tərəfindən sertifikat və hədiyyələrlə təltif edilib.

IDEA-dan AZƏRTAC-a bildirilib ki, kursun təşkil edilməsində əsas məqsəd insanla təbiət arasında harmoniya yaratmaq, təbiət gözəlliklərini önə çıxarmaq, o cümlədən yaşıllaşdırma işlərini düzgün həyata keçirməyi və ətraf mühit komponentləri arasında estetik əlaqə qurmağı təşviq etmək olub.

Kurslar iki ay müddətində IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında və Zirə Mədəniyyət Mərkəzində yerləşən resurs mərkəzlərində keçirilib. 500-ə yaxın qeydiyyatdan keçmiş şəxs arasından seçilən 30 gənc həmin kursda landşaftların təsnifatı, landşaft memarlığının tarixi, landşaft memarının vəzifələri, landşaft dizaynerliyi, orqanik əkinçilik və onun əhəmiyyəti və s. bu kimi mühüm əhəmiyyətə malik mövzularla bağlı öz bilik və bacarıqlarını dərinləşdirib.

IDEA mütəmadi olaraq ətraf mühit və davamlı inkişaf sahələrində təhsil alan gənclərin ekoloji biliklərini artırmaq, onların diqqətini ekoloji problemlərin həllinə yönəltmək, vacib ekoloji mövzulara mütəxəssis yanaşmasını müşahidə etmələrinə kömək etmək məqsədilə hər ay təlimlər, seminarlar, ekoloji mövzuda filmlər, söhbət klubları, “dəyirmi masa”lar, müsabiqələr və s. təşkil edir.

Tədbirlər barədə elanlar ictimaiyyətə IDEA-nın onlayn xidmətləri (www.ideacampaign.org, www.instagram.com/idea_campaign və https://www.facebook.com/ideacampaign.org) vasitəsilə çatdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.