SİYASƏT


III Beynəlxalq multikulturalizm məktəbinin başa çatması ilə əlaqədar mətbuat konfransı keçirilib

A+ A

Bakı, 26 iyul, AZƏRTAC

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm məktəbinin başa çatması ilə əlaqədar iyulun 26-da mətbuat konfransı keçirilib.

Mətbuat konfransında BBMM-in əməkdaşı Sevinc Mürvətqızı bildirib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin həyata keçirdiyi çoxsaylı əhəmiyyətli tədbirlərdən biri də beynəlxalq multikulturalizm qış və yay məktəbləridir. Bu layihə BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin davamıdır. Hazırda dünyanın 13, ölkəmizin 28 ali məktəbində Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi gənclərin nəzəri şəkildə öyrəndikləri multikultural və tolerant dəyərlərimizi ölkəmizdə öz gözləri ilə görüb şahid olmalarına şərait yaratmaqdır. Bu layihə nəticəsində Azərbaycana olan maraq əyani tanışlıqdan sonra zamanla ölkəmizə sevgiyə çevrilir, bununla da yeni dostluqların, əməkdaşlıqların təməli qoyulur.

Qeyd edilib ki, iyulun 18-27-də Prezident İlham Əliyevin tövsiyəsi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm yay məktəbi fəaliyyət göstərib. Yay məktəbinin iştirakçıları Azərbaycanın Qəbələ, İsmayıllı, Şəki, Qax, Oğuz, eləcə də Nic, Lahıc, İvanovka, Oğuzdakı “Yəhudilər məhəlləsi” kimi unikal multietnik bölgələrində olublar. III Beynəlxalq multikulturalizm məktəbində Çin, İndoneziya, Almaniya, Polşa, Litva, Çexiya, Ukrayna, İsveçrə, Türkiyə, Bolqarıstan, Rusiya, Yunanıstan, Qırğızıstan, Gürcüstan və Yəmən olmaqla, 15 xarici ölkənin 16 nüfuzlu universitetindən 31 xarici tələbə, Azərbaycanın 12 tanınmış ali təhsil müəssisəsindən 19 azərbaycanlı tələbə iştirak edib.

Diqqətə çatdırılıb ki, yay məktəbi ərzində tələbələr Azərbaycandakı dini və milli dəyərlərin təbliğinə və təşviqinə həsr olunan “dəyirmi masa”, konfrans və toplantılarda iştirak edib, yerli alimlərlə yanaşı, ABŞ və İngiltərədən gəlmiş xarici mütəxəssislərin mühazirələrini dinləyiblər. Layihənin sonunda Litvadan olan tələbə Salomeya Lukaite və Yunanıstandan Dimitrios Asproulis onların öz təşəbbüsləri ilə yaratdıqları “Azərbaycanın gənc dostları” beynəlxalq klubunu təqdim ediblər. Sözügedən klubun üzvlüyündə indiyədək ölkəmizdə təşkil olunmuş beynəlxalq multikulturalizm məktəblərinin xarici tələbələri, eləcə də 13 xarici ölkədəki universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədris olunduğu fakültələrin dinləyiciləri təmsil olunacaqlar. Bu klub üzvü olan hər bir xarici gənc üçün Azərbaycanda təhsil imkanları yaradacaq, onların ölkəmizlə bağlı aparacaqları tədqiqatlarda onlara yardımçı olacaq, Azərbaycan dilinin və mədəniyyətinin öyrənilməsində hər bir üzvə kömək göstərəcək. “Azərbaycanın gənc dostları” beynəlxalq klubunun yenicə fəaliyyətə başlayan internet saytı (www.youngfriends.az) da var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.