SİYASƏT
III Qlobal Müştərək Cəmiyyətlər Forumu Azərbaycanın dünyada nüfuzunun daha da artmasında mühüm rol oynayır
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəvəti ilə Azərbaycanda səfərdə olan Albaniyanın sabiq Prezidenti Recep Meydani Diasporla İş üzrə Dövlət Komitəsində olub.
Komitənin sədri Nazim İbrahimov ilə görüşdə 2015-ci ildə Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq məsələləri, xüsusilə Forumda müzakirə ediləcək mövzular barədə fikir mübadiləsi aparılıb. Söhbət zamanı Forumun əhəmiyyəti vurğulanaraq bildirilib ki, bu, Azərbaycan, bölgə, eləcə də Avropa üçün önəmli bir tədbirdir. Artıq üçüncü dəfədir keçiriləcək beynəlxalq forumun dünyada baş verən siyasi proseslərin, münaqişələrin qarşılıqlı əməkdaşlıq və dialoq yolu ilə həllinə real töhfə verdiyinə inam ifadə olunub.
Komitədən AZƏRTAC-a bildiriblər ki, söhbət zamanı Madrid Klubu, dünyanın digər nüfuzlu təşkilatları ilə əlaqələr, yeni birgə layihələrin həyata keçirilməsi, həmçinin Albaniya ilə Azərbaycan arasında diaspor fəaliyyəti istiqamətində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun əməkdaşlığı çərçivəsində keçirilən forumun Azərbaycanın dünyada nüfuzunun daha da artmasında, siyasi dialoqa, beynəlxalq hüquq normalarına dəyər verən bir ölkə kimi tanıdılmasında mühüm rol oynadığı görüşdə xüsusi vurğulanıb. Qeyd olunub ki, forumun işinə qatılan yüksək səviyyəli qonaqların sayının ildən-ilə artması Azərbaycanın yeni dostlar qazanması istiqamətində atdığı uğurlu addımların nəticəsidir.