MƏDƏNİYYƏT
III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun növbəti təqdimatı Parisdə olacaq
Bakı, 19 aprel, AZƏRTAC
Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun və “Bakı prosesi”nin dünya səviyyəsində təbliği üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən ölkələrin paytaxtlarında və beynəlxalq qurumların baş qərargahlarında təqdimat mərasimlərinin təşkili davam etdirilir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, aprelin 21-22-də Parisdə UNESCO İcraiyyə Şurasının Plenar Sessiyası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı prosesi” və cari ilin may ayında Bakıda keçiriləcək “Müştərək təhlükəsizliyimiz naminə mədəniyyətləri paylaşaq” devizi altında Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimi təşkil olunacaq və film nümayiş ediləcək.
Sessiyada UNESCO-nun baş direktoru İrina Bokova, təşkilatın baş konfransı və icraiyyə şurasının prezidentləri və UNESCO-ya üzv ölkələrin səfirlərinin iştirakı gözlənilir.
Tədbir çərçivəsində “Bakı prosesi” barədə xüsusi sərgi təşkil olunacaq, eyni zamanda Azərbaycanın mədəniyyət və turizm imkanları nümayiş etdiriləcək.